Avropa Şurasının sədri Şarl Mişel Ukraynanın 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) daxil olmasının tərəfdarı olduğunu bildirib, bir şərtlə ki, hər iki tərəf öz tapşırıqlarını yerinə yetirsin.
Gununsesi.info xəbər verir ki, Mişel bunu “Spiegel”ə müsahibəsində deyib.
“Bəli, hər iki tərəf öz tapşırıqlarını yerinə yetirərsə, Ukrayna 2030-cu ildə Aİ-nin bir hissəsi ola bilər”, – Mişel bildirib.
Onun sözlərinə görə, Ukrayna və digər namizəd ölkələr islahatlar aparmalı, korrupsiya ilə mübarizə aparmalı və qanuni tələblərə əməl etməlidir.
“Aİ-də biz birlikdə nəyə nail olmaq istədiyimizi, prioritetlərimizin harada olduğunu və pulu nəyə xərcləmək istədiyimizi aydın başa düşməliyik. Və qərarların qəbulu proseslərini sürətləndirməliyik”, – Avropa Şurasının rəhbəri əlavə edib.
Mişel deyib ki, Aİ daha çox vaxt itirə bilməz.
“Məsələn, Qərbi Balkan ölkələri 20 ildir ki, Aİ-yə daxil olmaq üçün gözləyirlər, orada Rusiya və Çinin təsiri artır. Çiçəklənən və təhlükəsiz Ukrayna isə bizim öz maraqlarımızdadır. Onların Rusiyaya müqaviməti göstərdi ki, Ukrayna Aİ-də olmalıdır.Və tezliklə, nə vaxtsa yox. Bu, həm də Aİ-nin geosiyasi fəaliyyətlərə qadir olduğunu sübut edəcək”, – Avropa Şurasının rəhbəri deyir.
Bildiyiniz kimi, Avropa İttifaqında islahatlar məsələsi onun Şərqi Avropa və Qərbi Balkan dövlətlərini əhatə edəcək şəkildə genişlənməsinə hazırlıq fonunda fəal şəkildə müzakirə olunur.
12 ekspert Avropa Birliyinin ən nüfuzlu üzvləri hesab edilən Fransa və Almaniyanın tələbi ilə birliyin gələcəkdə yeni dövlətləri qəbul etməyə hazır olması üçün struktur islahatları planı təklif ediblər.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba qeyd edib ki, Aİ islahatından yeni ölkələrin üzvlük almasını ləngitmək üçün istifadə edilməməlidir.
Səid Əhmədli
Gununsesi.info