Ukraynanın “Naftoqaz” şirkətinə borcuna görə “Qazprom”un aktivlərinə həbs qoyulub

  • By admin
  • 05 İyun 2018 13:48

ukraynanin naftoqaz sirketine borcuna gore qazprom un aktivlerine hebs qoyulub

  Hollandiya məhkəməsi Ukraynanın “Naftoqaz” şirkətinə 2,6 milyard dollar borcun ödənilməsi üçün Rusiyanın “Qazprom” şirkətinin Hollandiyadakı aktivlərinə həbs qoyub.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə “Naftoqaz” şirkəti məlumat yayıb.

“Naftoqaz” ötən həftə “Qazprom” və “Qazprom”un törəmə şirkətlərinin Hollandiyadakı aktivlərinə həbs qoyulması ilə bağlı məhkəməyə müraciət edib. “Qazprom”un 6 törəmə şirkəti məhkəmə ilə əməkdaşlıqdan imtina etsə də, bu, aktivlərə həbs qoyulmasına təsir göstərməyib.

 “Naftoqaz”ın yaydığı məlumatda bildirilir ki, İsveçrə məhkəməsi isə “Qazprom”un “Şimal axını” və “Şimal axını-2” kəmərlərindəki payının dondurulması üçün addım atır: “Naftoqaz” Stokholm Arbitraj Məhkəməsinin 30 may tarixli qərarına uyğun olaraq, Rusiyanın  “Qazprom”  şirkətinin aktivləri üzərində  öz xeyrinə həbs qoyulması üçün sorğuların göndərilməsi proseduruna başlayıb. Rusiya tərəfi beynəlxalq məhkəmənin qərarını tanımır, Stokholm Arbitraj Məhkəməsinin qərarını mübahisələndirmək niyyətindədir. Məhkəmənin qərarına əsasən “Qazprom” şirkətinin“Naftoqaz”a 2,56 milyard dollar borcu var”.

Qeyd edək ki, Amsterdamda “Gazprom International” şirkətinin ofisi yerləşir. Bu şirkət “Qazprom”un dünya üzrə beynəlxalq layihələrində iştirak edir.

“Qazprom”un digər strukturu “Gazprom Energy” də Hollandiyada yerləşir.