Ukraynanın Rusiyanın desant gəmisini vurması Putini qəzəbləndirdi: Qisas qruplarını Krıma göndərdi

  • By admin
  • 29 Dekabr 2023 16:29

Dekabrın 26-da Ukraynanın Rusiya Qara Dəniz Donanmasının “Novoçerkassk” desant gəmisini qanadlı raketlərlə vurması geniş ictimai rezonansa səbəb olub.

Gununsesi.info xəbər verir ki, ingilis mətbuatı görüntüləri böyük əks-səda doğuran hücumdan sonra Rusiya prezidenti Vladimir Putinin çox qəzəbləndiyini və Rusiya liderinin Krıma qisas qrupları göndərərək basqın əmri verdiyini açıqlayıb və Krımın hava hücumundan müdafiə qüvvələrinin cəzalandırmasının gözlənildiyini yazıb.

Rusiya ilə Ukrayna arasında 2 ilə yaxındır davam edən müharibənin ən kritik nöqtələrindən biri olan Krım bu günlərdə yenidən Kiyev qüvvələrinin hədəfinə çevrilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin dekabrın 26-da verdiyi açıqlamada, Rusiya Qara Dəniz Donanmasının “Novoçerkassk” desant gəmisinin Feodosiya şəhəri sahillərində həyata keçirilən hava hücumunda qanadlı raketlərlə vurulduğu bildirilib.

Ukrayna Hərbi Hava Qüvvələrindən general-leytenant Mikola Oleschuk hücuma aid olduğu iddia edilən görüntüləri paylaşarkən, Rusiyanın Krım valisi Sergey Aksyonov Ukraynanın hava hücumunda 1 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını açıqlayıb. Rusiya Müdafiə Nazirliyi də böyük desant gəmisi “Novoçerkassk”ın idarə olunan raketlər daşıyan Ukrayna təyyarəsi tərəfindən vurulduğunu və gəminin zədələndiyini təsdiqləyib.

Britaniyanın “İndependent” qəzeti Rusiya prezidenti Putinin Rusiya donanması üçün “rüsvayçılıq” adlandırdığı hücumdan sonra çox qəzəbləndiyini yazıb. Qəzet iddialarını Ukraynanın “The Atesh” qruplaşmasına əsaslandıraraq, Rusiya liderinin Krıma qisas qrupları göndərdiyini və basqın əmri verdiyini və Krımın hava hücumundan müdafiə qüvvələrinin cəzalandırmasının gözlənildiyini yazıb. “İndependent” yazır ki, bir çox komandirlərin işdən çıxarılaraq cəbhəyə göndəriləcəyi gözlənilir.

Ukraynalı “The Atesh” qrupu Telegram tətbiqində paylaşdıqları mesajda bölgədə çoxlu reydlər edildiyini, evlərdə axtarış aparıldığını və smartfonların yoxlanıldığını iddia edib.

“Bloomberg” Ukraynanın Krıma hücumlarını artırdığı üçün prezident Vladimir Putinin mühüm dəniz bazasını itirmək riski ilə üzləşdiyini iddia edib. Agentliyə danışan analitiklər vurğulayıblar ki, Krım artıq Rusiya hərbi gəmiləri üçün təhlükəsiz yer deyil.

Gununsesi.info