Ukrayna-Rusiya müharibəsində tərəfini dəyişən rus pilot İspaniyada öldürülüb.
Gununsesi.info xəbər verir ki, 2023-cü ilin avqustunda Ukrayna-Rusiya müharibəsi zamanı tərəfini dəyişərək Ukraynaya qaçan rus qırıcı pilot Maksim Kuzminovun İspaniyanın Alikante şəhərində bir evin qarajının girişində silahlı hücum nəticəsində öldürüldüyü açıqlanıb.
İspaniyanın rəsmi xəbər agentliyi EFE jandarm qaynaqlarına əsaslanan xəbərində, fevralın 13-də ölkənin cənubundakı Alikante şəhərindəki bir ərazidəki bir evin qarajında silahla hücuma məruz qalan və hadisə yerində ölən şəxsin rusiyalı pilot Maksim Kuzminovun olduğunu bildirib.
Xəbərdə şahidlərin dediyinə görə, Kuzminovun bədəninə yarım maqazin güllə boşaldan hücum edənlər daha sonra maşınla cəsədin üzərindən keçərək qaçıblar.
Bildirilib ki, araşdırma aparan jandarma meyitin üzərində 33 yaşlı Ukrayna vətəndaşına məxsus şəxsiyyət vəsiqəsini aşkar edib, daha sonra aparılan araşdırmalar zamanı öldürülən şəxsin rusiyalı pilot Kuzminov olduğu üzə çıxıb.
Ukraynanın “Kyiv Post” qəzeti də Ukrayna Hərbi Kəşfiyyat Mərkəzinə istinadən Kuzminovun öldürüldüyünü yazıb.
Xəbərdə Ukrayna Hərbi Kəşfiyyat Mərkəzinin mənbələrinin Kuzminovun Ukraynada qalmaqdansa İspaniyada yaşamağa üstünlük verdiyini iddia etdiyi bildirilib.
Ukrayna ilə müharibə başlamazdan əvvəl hərbi xidməti tərk etməyə çalışdığı və sonradan döyüşmək istəmədiyi deyilən rus pilot Kuzminov 9 avqust 2023-cü ildə istifadə etdiyi Mi-8 tipli helikopterlə Ukraynanın şərqində, Rusiya sərhədinə yaxın bir hərbi bazaya enib.
Ukrayna Hərbi Kəşfiyyat Mərkəzi ilə razılaşaraq Ukraynaya qaçan rus pilotun görüntüləri həmin vaxt paylaşılıb.
Kuzminov kadrlarda hərbi cinayətkar olmaqdan imtina etdiyi üçün Ukraynaya qaçdığını bildirib və digər rus pilotlarını da onun yolu ilə getməyə çağırıb.
Gununsesi.info