Ukraynaya “daha ölümcül” silahlar verilir – Münaqişə “ənənəvi müharibəyə” çevrilib

  • By admin
  • 30 Mart 2022 19:07
Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı müqavimət göstərmək taktikasından mövqeləri saxlamaq və əraziləri geri qaytarmaq taktikasına keçdiyindən bu münaqişə “daha ənənəvi müharibəyə” çevrilib.
Gununsesi.info  “The Times”a istinadən xəbər verir ki, bu sözləri Böyükl Britaniyanın Müdafiə Qərargah rəisi Toni Radak nazirlər üçün keçirdiyi brifinqdə deyib.
Münaqişə “daha ənənəvi müharibəyə” çevrildiyindən Böyük Britaniya da Ukraynaya dəstəyin yeni mərhələsinə keçir və hökumət Kiyevə daha hansı hərbi texnika verə biləcəyini düşünür. Bunu krallığın Baş naziri Boris Conson Nazirlər Kabinetinin iclasında təsdiqləyib.
Hökumət rəhbəri bunun hansı silah olacağını açıqlamadan Ukraynaya “daha ölümcül” silahların verilməsinə hazırlıq getdiyini bildirib. 
“The Times”ın müdafiə sahəsindəki mənbəsinə görə, Ukraynanın rus qoşunlarını ölkənin şərqindəki mövqelərindən sıxışdırmaq üçün daha uzun mənzilli sistemlərə, o cümlədən ağır artilleriyaya ehtiyacı var. Eyni zamanda, qəzetin həmsöhbəti qeyd edir ki, bu, mürəkkəb avadanlıqdır, operatorların təlim keçməsinə zərurət var. Böyük Britaniyanın əvvəllər təqdim etdiyi minlərlə portativ qumbaraatanlardan fərqli olaraq, daha böyük sistemlər Ukrayna əsgərlərinin qonşu ölkələrdə təlim keçmək üçün cəbhə xəttindən geri çəkilməsini tələb edəcək.
Xatırladaq ki, dünən Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbul danışıqlarından sonra ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və İtaliya liderlərinin telefon danışıqları olub. Danışıqların nəticəsi olaraq Ukraynaya bir daha dəstək ifadə olunub və bundan sonra da ona hərbi, maliyyə və humanitar yardımın davam etdirilməsinin vacib olduğu vurğulanıb.
ABŞ və Avropa liderləri ilə təmaslardan sonra Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib ki, münaqişənin tez zamanda həllinə inanmır. Onun fikrincə, Putin Ukrayna və onun müttəfiqlərini kapitulyasiyaya imza atmağa məcbur etmək üçümn “açıq yaraya bıçaq saplamağa” çalıçacaq və o, “daha az proqnozlaşdırılan və daha qisasçı” olacaq.
Gununsesi.info