“Ukraynaya qarşı təcavüzdən sonra Rusiyanın qazı Avropaya lazım deyil” - Avropa Komissiyasının sədri

Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Ursula fon der Lyayn tərəfindən Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu, Azərbaycan və Aİ arasında energetika sahəsində əməkdaşlıq haqqında üçüncü sənəddir və bu sənədlər Avropanın enerji xəritəsini dəyişdirib, deyə imzalama mərasimindən sonra İlham Əliyev bildirib.

Bu gün Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır.

“Bu il biz energetika sahəsində yeni dialoqa başlamışıq və onu dərinləşdirməyə davam edirik. Bu, bərpa olunan enerji və yeni qaz yataqlarının emalı sahəsində layihələrlə bağlıdır. Xüsusən, söhbət azad olunmuş ərazilərdə və Xəzərdə həyata keçiriləcək layihələrdən gedir”, deyə Əliyev bildirib. ”

“Ukraynaya qarşı təcavüzdən sonra Rusiyanın qazı Avropaya lazım deyil”.

Avropa Komissiyasının prezidenti öz çıxışına bu bəyanatla başlayıb. O, Avropanın təbii qaz tələbatının təmin olunmasında Azərbaycanın böyük rolunu qeyd edib.

“Bu gün imzalanan memorandum Azərbaycandan daxil olan qazın həcmini iki dəfə artırmağa və ildə 20 mlrd. kubmetrə çatdırmağa, Rusiyadan qaz tədarükünü xeyli azaltmağa imkan verəcək”, deyə Ursula fon der Lyayn bildirib.

O, bərpa olunan enerji və iqlimin qorunması sahəsində Azərbaycanla işləməyə hazır olduqlarını təsdiq edib.

Avropa Komissiyasının prezidenti həmçinin bildirib ki, Azərbaycan dövlət başçısı ilə görüşdə ikitərəfli münasibətlərin bir çox digər aspektləri, o cümlədən iqtisadi əməkdaşlıq və ticarət məsələləri müzakirə olunub.

“Bu gün Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və tərəflər qarşılıqlı ticarət dövriyyəsini 2 mlrd. avroya çatdırmaq niyyətindədirlər”, deyə o bildirib. Ursula fon der Lyayn Avropa İttifaqının infrastruktur layihələrindən “mühüm nəqliyyat habına” çevriləcək yeni Bakı limanının inkişafında iştirak etməyə hazır olduqlarını qeyd edib.

Daha sonra o, humanitar sahədə əməkdaşlığın və Aİ-nin vətəndaş cəmiyyəti və müstəqil KİV-lərin dəstəklənməsində iştirakının əhəmiyyətini qeyd edib.”Biz bu məqsədlər üçün 2,5 mln. avro ayırmışıq”, deyə Avropa İttifaqının prezidenti qeyd edib.

Mayis

Gununsesi.info