Ülvi Quliyev: “Ötən yarışlardan daha çox medal qazanacağıq”

  • By admin
  • 03 Avqust 2016 16:30

ulviquliyevvvv5

“Olimpiya oyunları ən yüksək səviyyəli idman yarışları sayılır. Belə ki, hər bir idmançı təmsil etdiyi növ üzrə məhz Olimpiya çempionu olmağı arzulayır. Nəzərə almaq gərəkdir ki, Olimpiya oyunlarının tamaşaçı kütləsi də xeyli genişdir. Bu mənada yarış meydanına çıxan hər bir idmançı daşıdığı məsuliyyətin yükünü hiss etməli və bütün səyini məhz qələbəyə kökləməlidir”.

Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili Ülvi Quliyev mətbuata açıqlamasında deyib.

“İlk olaraq bir məqamı vurğulamaq lazımdır ki, Azərbaycan idmançılarının XXXI Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsi olduqca uğurlu keçib. Belə ki, 2013-cü ildən başlanan hazırlıq prosesi müvafiq konsepsiya üzrə davam etdirilib. Bu fakt yarışın nəticələrində özünü göstərəcək”- deyən millət vəkilinin sözlərinə görə, ölkəmizi təmsil edən idmançılarımız bu ötən müddət ərzində müxtəlif mühüm yarışlarda öz güclərini sınayıblar, 2013-2015-ci illərdə və 2016-cı ilin birinci yarımili ərzində 1000-dən artıq rəsmi və qeyri-rəsmi beynəlxalq yarışlarda iştirak ediblər:

“Bunun qarşılığında isə 1042-si olimpiya idman növlərinə aid olmaqla 2723 medal əldə ediblər. Biloindiyi kimi, idmançılarımızın ötən il Bakıda keçirilən birinci Avropa Oyunlarında uğurlu çıxışı da xüsusi bir stimul idi. Avropa Oyunlarında idmanın 20 növündən 12-si üzrə keçirilən yarışlar «Rio 2016» Olimpiadasına təsnifat xarakteri daşıyırdı. Rio Yay Olimpiya Oyunlarında yığmamız 18 idman növündə 57 lisenziya ilə təmsil olunacaq. Xüsusi vurğulamağa ehtiyac duyuram ki, bu dəfə 4 fərqli idman növündə-Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində təmsil olunacağıq. Bu da böyük bir uğurdur.

Artıq Azərbaycan dünyanın aparıcı idman ölkəsi olaraq özünün idman növlərində təmsilçiliyində fərqlilik yaradır. Bu da təqdirəlayiq haldır. Mən əminəm ki, bu dəfə də ənənəyə sadiq qalacağıq və ötən yarışlardan daha çox medal qazanacağıq. Ən əsası isə bu medalların əyarı ən yüksək səviyyədə olmasını arzulayırıq. Qeyd etdiyim kimi,  Olimpiya oyunlarının izlənmə faizi olduqca yüksəkdir və üçrəngli bayrağımızın Yay Olimpiya Oyunlarında dalğalanması bizə yüksək qürur yaşatmaqla yanaşı, Azərbaycan dövlətinin idmana, gənclərə göstərdiyi diqqət və qayğının tərənnümünə çevriləcək”.

Gununsesi.info