Bugün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin növbəti məhkəmə prosesi keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, ABŞ, Fransa və Almaniyanın Bakıdakı diplomatlarının da müşahidə etdiyi prosesdə Hacıyev sensasion açıqlamalar verib.
Onun sözlərinə görə, hazırda onunla bağlı cinayət işində zərərçəkmiş(?) qismində tanınan jurnalist Ülviyyə Muradova (Alovlu) ondan pul tələb edirdi: “Bu məsələdə də vəkil Sevda Məhərrəmova vasitəçilik edirdi.
Ülviyyə mənə qarşı şikayətçi olmamaqdan ötrü pul istəyirdi. Bu söhbətdə Sevda xanım vasitəçilik eləyirdi. Bu söhbət alınmadı, Sevda xanım gəlib ona nümayəndəlik eləyir”.
Onu da qeyd edək ki, Ülviyyə Alovlu ikinci prosesdir ki, məhkəmədən yayınır.
İctimai fəal vurğulayıb ki, vəkil S.Məhərrəmovanın məhkəmə prosesinin gedişində bu məsələ ilə əlaqədar şahid qismində dindirilməsi məsələsini qaldıracaqlar:
“Bu üzdən o, məhkəmə iclaslarında iştirak etməməlidir”.
Məhkəmədə Ü.Muradovanın nümayəndəsi qismində iştirak edən vəkil S.Məhərrəmova pul tələbində vasitəçilik etməsi haqda B.Hacıyevin dediklərinə cavab verməyib.
Ancaq ictimai fəalın vəkilləri B.Hacıyevin məhkəmə zalındakı şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsinə icazə verilməsindən ötrü vəsatət qaldıranda S.Məhərrəmova buna etirazını belə əsaslandırıb:
“Təqsirləndirilən şəxsə qarşı ittihamlardan biri də qadına qarşı zorakılıqla bağlıdır. Şəxsən mən öz həyatıma görə qorxuram”.
Vəkilin bu sözü zaldakıların gülüşünə səbəb olub.
Onu da qeyd edək ki, Sevda Məhərrəmova proses müddətində çoxlu replikalarla üzləşdiyindən, tez-tez əhvalı dəyişirdi.
Vəkillər çıxışında bildirib ki, vəsatətlər və başqa məsələlərlə əlaqədar məsləhətləşmələr, müzakirələr baxımından onun müdafiəçilərinin yanında əyləşməsi məqsədəuyğundur.
B.Hacıyev bu haqda danışanda Norveçdə 77 nəfərin öldüyü terror aktını törətmiş Anders Breyvikə qarşı məhkəmədəki rəftarı yada salıb: “Breyvik kimi terrorçuya da vəkilinin yanında əyləşməyə icazə verirlər, mənə yox. Hətta Avropa İttifaqının Bakıdakı səfiri də siyasi məhbuslara qarşı rəftardan, qadın jurnalistlərin əlləri qandallı gətirilməsi, şüşə arxasına salınmasından şoka düşdüyünü bildirib”.
Məhkəmə vəsatəti təmin eləməyib. Prosesdə Hacıyevin özü və müdafiəçiləri onun ev dustaqlığına buraxılması, mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilmiş sübutların çıxarılması və s. haqda çoxsaylı vəsatətlər qaldırıblar.
Ancaq vəsatətlərin heç biri təmin olunmayıb.
B.Hacıyevin vəkilləri deyir ki, ona qarşı qaçaqmalçılıq, vergidən yayınma, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlar bir anonim elektron məktub əsasında verilib.
Amma məktubu göndərənin kimliyi, elektron poçtun kimə məxsus olması və s . məqamların heç biri araşdırılmayıb:
“İstintaq Daxili İşlər Nazirliyinə sorğu göndərib. Oradan da cavab gəlib ki, “müəyyənləşdirmək mümkün olmadı”. Mənbəyi məlum olmayan bir məktubla da ağır ittihamlar verilib”.
B.Hacıyev özü də sözügedən məktubun məzmununu açıqlayıb:
“Yazıblar ki, Bəxtiyar Hacıyev 200 min manatlıq qrant alıb. Həmin vəsaitlə ölkədə çevriliş hazırlamaq istəyir. Belə bir qondarma, qeyri-peşəkar və qərəzli ittihamla məni həbsdə saxlamağa əsas yoxdur”.
Hakim ictimai fəalın ev dustaqlığına buraxılmaması haqda qərarını əsaslandırarkən bildirib ki, məhkəmədə dindiriləcək xeyli şahid var. Əgər B.Hacıyev həbsdən buraxılsa, şahidlərə təsir göstərə bilər.
Məhkəmədə vəsatətlərin müzakirəsində hakim Əli Məmmədov iki dəfə protokol qaydasında B.Hacıyevə xəbərdarlıq edib. İctimai fəal buna belə reaksiya verib:
“Hər dəfə sözümü kəsirsiniz. Belə çıxır ki, danışmamalıyıq?! Burada baş verənlər bilirsiniz nəyə bənzəyir? İçki masası arxasında Qurana and içən adamlar olur, onlar kimi, bir tərəfdən hüquqlarımı pozursuz, o biri tərəfdən qanuna istinad edirsiz”.
İctimai fəalın məhkəməsi fevralın 2-də davam edəcək. Növbəti iclasda prokuror B.Hacıyev haqqında ittiham aktında yazılanları elan edəcək.
Elmar Elnuroğlu
Gununsesi.info