Umbakıda yeni cəzaçəkmə müəssisəsi istifadəyə verilib

  • By ilhame
  • 17 Noyabr 2023 20:15

Bu gün paytaxtın Umbakı qəsəbəsində yeni inşa olunmuş qarışıq rejimli müasir penitensiar kompleks istifadəyə verilib, yaradılan şəraitlə tanışlıq olub.

Gununsesi.info xəbər verir ki, tədbirdə iştirak edən ədliyyə naziri Fikrət Məmmədov penitensiar sahədə aparılan islahatlardan, məhkumların saxlanma şəraitinin, tibbi təminatının yaxşılaşdırılması, sosial adaptasiyası ilə bağlı görülən ardıcıl tədbirlərdən danışıb.

Komplekslə tanışlıq zamanı məlumat verilib ki, beynəlxalq standartlara uyğun inşa olunmuş Umbakı penitensiar kompleksi qarışıq rejimli olmaqla iki zonadan – cəzaçəkmə müəssisəsindən və istintaq təcridxanasından ibarətdir. Müəssisədə ağır və digər cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanada isə təqsirləndirilən şəxslər saxlanılacaqdır.

Ümumi saxlanma limiti 1.300 nəfər olan kompleksdə 19 müxtəlif rejimli kamera tipli korpuslar inşa olunub. Kameralarda hər cür şərait yaradılıb, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri ayrılıb.

Həmçinin, müstəntiq və vəkillərin rahat fəaliyyət göstərmələri, istintaq hərəkətlərinin aparılması üçün zəruri şərait yaradılıb. Məhbusların məhkəmə iclaslarında məsafədən – videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və video-görüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub.

Gununsesi.info