Ümumrusiya Azərbaycan Konqresi özünə yeni rəhbər seçir

  • By admin
  • 20 Dekabr 2016 18:03

uk

Dekabrın 28-də Rusiyanın paytaxtı Moskva şəhərindəki “Ukrayna” otelində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) IV Qurultayı keçiriləcək. Qurultaya Rusiya Federasiyasının 78 bölgəsindən 200-dən artıq nümayəndənin, həmçinin, Rusiya və Azərbaycanın dövlət və hökumət nümayəndələrinin iştirakı gözlənilir.

Bu haqda Diasporla iş üzrə Dövlət Komitəsindən Gununsesi.info-ya verilən məlumatda bildirilib.

Qurultayda ÜAK rəhbərinin təşkilatın 5 il ərzində gördüyü işlər haqqında hesabatı dinləniləcək, məruzə ətrafında çıxışlar olacaq, təkliflər səslənəcək, ÜAK-ın nizamnaməsinə əlavə və dəyişikliklər haqqında məlumat veriləcək. Qurultayda, həmçinin, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, Rusiyadakı soydaşlarımızın hüquq və azadlıqlarınını qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, növbəti beş il üçün fəaliyyət strategiyasının müəyyənləşdirilməsi ilə bağlı geniş müzakirələrin aparılması nəzərdə tutulur.

ÜAK-ın IV Qurultayında Mərkəzi Şura, Rəyasət Heyəti, prezident və vitse-prezidentlərin seçkisi keçiriləcək. Tədbirin yekununda Qurultayın qətnaməsinin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətlərin və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müraciətin qəbul ediləcəyi gözlənilir. Tədbirin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə iştirakçılar üçün qala konsert və təntənəli şam yeməyi olacaq.

Qeyd edək ki, ən böyük diaspor təşkilatı olan ÜAK Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və Heydər Əliyevin dəstəyi ilə 2001-ci il martın 5-də Moskva şəhərində yaradılıb. Təşkilatın məqsədi buradakı soydaşlarımıza milli, mədəni, sosial maraqların həyata keçirilməsinə yardım etmək, Rusiya və Azərbaycan arasında sosial-iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etməkdir. Rusiya Federasiyasındakı diaspor təşkilatları ilə əməkdaşlıq, bu fəaliyyətin koordinasiya edilməsi də Konqresin prioritet vəzifələrindəndir. Hazırda ÜAK-ın Rusiyanın 83 bölgəsində bölməsi fəaliyyət göstərir. Təşkilatın III Qurultayı 2011-ci il noyabrın 25-də keçirilib.

Gülnaz  Qənbərli

Gununsesi.info