Un və çörək istehsalçıları qiymətləri niyə artırır? -ARAŞDIRMA

  • By admin
  • 05 Yanvar 2022 12:30

Dünən adlarını gizli saxlayan Azərbaycanın iri un və çörək istehsalçıları müraciət yayıblar.

Gununsesi.info  xəbər verir ki,  müraciətdə qeyd olunub ki, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur.

Müraciətdə qeyd edilib ki, Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün bu ölkənin bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir. Əlavə olaraq, Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub.

Dövlət Gömrük Komitəsinin məlumatları əsasənda aparılan araşdırmaya görə, Azərbaycana 1 ton buğdanın idxal qiyməti ötən il 30%-dən çox artıb.

Belə ki, 2019-cu ilin 11 ayı ərzində Azərbaycana 319 milyon 693 min dollar dəyərində 1 milyon 487 min 719 ton buğda idxal edilib. Həmin dövrdə 1 ton buğdanın orta idxal qiyməti təxminən 215 dollar təşkil edib.

2020-ci ilin 11 ayı ərzində Azərbaycana 262 milyon 497 min dollar təyərində 1 milyon 225 min 586 ton buğda idxal edilib. 1 ton buğdanın orta idxal qiyməti 214 dollar təşkil edib.

2021-ci ilin 11 ayında Azərbaycana 287 milyon 557 min dollar dəyərində 1 milyon 17 min 503 ton buğda idxal edilib. 1 ton buğdanın orta idxal qiyməti 283 dollar olub.

Beləliklə, 2019-cu ilin 11 ayı ilə müqayisədə 2020-ci ilin 11 ayında buğdanın orta idxal qiyməti demək olar ki, dəyişməyib, 2021-ci ilin 11 ayında isə 2020-ci ilin 11 ayı ilə müqayisədə 69 dollar və ya 32,2% artıb.

2019-cu ildə (12 ayı üzrə) 1 ton buğdanın idxal qiyməti təxminən 215 dollar, 2020-ci ildə isə 217,5 dollar olub. 2020-ci ildə 1 ton buğdanın orta hesabla idxal qiyməti 2,5 dollar artıb.

2021-ci ilin 12 ayı üzrə buğda idxalı barədə rəqəmlər açıqlanmadığından hələlik 2020-ci illə müqayisəni təqdim edə bilmirik.

Azərbaycanın  iri un və çörək istehsalçıları 1 kisə unun qiymətinin 28,6%, çörəyin qiymətinin isə maksimum 30% artacağını qeyd ediblər. Bu nisbətlər də ötən il 1 ton buğdanın orta idxal qiymətinin artım nisbətinə uyğun gəlir.

Qeyd edək ki, əlverişsiz hava şərtləri əsas buğda istehsal edən ölkələrdə məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Eyni zamanda yüksələn yanacaq, gübrə qiymətləri, digər tərəfdən buğdaya artan tələb qiymətlərin qalxmasını sürətləndirir. Buğda istehsal edən ölkələr daxili bazarlarını qorumaq üçün buğda ixracına rüsumları artırırlar, bu da buğda idxal edən ölkələr üçün qiymətlərin daha da yüksəlməsi deməkdir.

2022-ci ildə də artan tələb, bahalaşan yanacaq və gübrə ilə əlaqədar olaraq buğda qiymətlərinin daha da yüksələcəyi gözlənilir. İqlim dəyişikliyinin də məhsuldarlığa mənfi təsir edəcəyi proqnozlaşdırılır.

Gununsesi.info