Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimində UNEC-in rektoru, professor Ədalət Muradov, “Azərbaycan Sənaye Korporasiyası” ASC Kamran Nəbizadə, universitetin professor-müəllim heyəti və korporasiyanın nümayəndələri iştirak edib.
Rektor Ədalət Muradov bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Bu isə təhsil prosesini real iqtisadiyyatn tələblərinə uyğunlaşdırılmağı tələb edir. Rektor bu istiqamətdə UNEC-də həyata keçirilən yenililklərdən söz açıb, universitetin iş dünyası ilə strateji əməkdaşlıq platforması olan UNEC2B və job.unec.edu.az virtual əmək birjasının əhəmiyyətindən danışıb. Universitetin bir çox nüfuzlu şirkət və holdinqlərlə əməkdaşlıq etdiyini deyən Ə.Muradov “ASK” ASC ilə əməkdaşlığın mühüm məqamlarını da diqqətə çatdırıb. Bildirib ki, əməkdaşlıq çərçivəsində UNEC məzunları Azərbaycan Sənaye Korporasiyasının mütəxəssis bazasına daxil ediləcək, UNEC-in 3 tələbəsinə fərdi təqaüdlər təsis olunacaq. Eyni zamanda “ASK” ASC-nin əməkdaşları üçün UNEC-də ixtisasartırma kursları təşkil ediləcək.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaranma tarixi və hazırki fəaliyyətindən bəhs edən Korporasiyanın baş direktoru Kamran Nəbizadə qeyd edib ki, “ASK” ASC-in qarşısında duran əsas məqsədlərdən biri müəssisələrdə işin düzgün təşkili, rentabelliyi yüksəltmək, istehsalı genişləndirmək, müəssisələr arasında əməkdaşlığı gücləndirməkdir. İxtisaslı və peşəkar kadrlar bu məqsədlərin əldə edilməsində böyük rol oynayır. Korporasiyanın baş direktoru onu da bildirib ki, Memorandumun uğuru bu anlaşmanın ikitərəfli şəkildə fəal icrasından asılıdır.
Sonda rektor Ədalət Muradov və “ASK” ASC-nin sədri arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədə əsasən, UNEC tələbələri “ASK” ASC və onun törəmə müəssisələrində təcrübə keçəcəklər, tələbələrin biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərinə, startap fəaliyyətinə, onların praktiki tətbiqinə dəstək göstəriləcək. Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədi ilə birgə tədqiqatlar aparılacaq, beynəlxalq təşkilatların və fondların qrant layihələrində birgə iştirak ediləcək, proqramlar həyata keçiriləcək. Eyni zamanda “ASK” ASC-nin mütəxəssisləri tələbələrin bakalavr buraxılış və magistrlik dissertasiyası işlərinə rəhbər, müxtəlif mövzular üzrə mühazirəçi qismində cəlb olunacaq. Memorandumda “dəyirmi masa”ların, konfransların, seminarların təşkil edilməsi, “yay məktəbləri”nin təşkili, “ASK” ASC və onun törəmə müəssisələrinin UNEC-in elmi-tədqiqat və tədris-metodiki strukturundan istifadəsi, tələbələrin arasında müsabiqələrin keçirilməsi, qaliblərin mükafatlandırılması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
Musavat.com