Hindistanın Kerala əyalətindəki Koçin Elm və Texnologiya Universitetində açıq havada keçirilən festivalda izdiham nəticəsində 4 nəfər ölüb, 60-dan çox insan yaralanıb.
Gununsesi.info xəbər verir ki, Hindistanın Kerala ştatında keçirilən musiqi festivalı fəlakətə çevrilib. Yağış başlayanda sığınacaq tapmaq istəyən hindlilər Koçi şəhərindəki Koçin Elm və Texnologiya Universitetində açıq havada keçirilən musiqi festivalında izdiham yaradıblar. İzdihamda 4 nəfər ölüb, 5-i ağır olmaqla 60-dan çox insan yaralanıb.
Əyalət səhiyyə naziri Veena Corc hadisədən sonra universitetə 100-dən çox təcili yardım maşınının göndərildiyini və 5-i ağır yaralanan 56 yaralının xəstəxanada müalicə olunduğunu bildirib. Corc yüksək səviyyəli səhiyyə işçilərinə bütün həkimləri və tibb işçilərini Kalamassery Tibb Kollecinə və Ernakulam Ümumi Xəstəxanasına göndərməyi tapşırdı. Ştatdakı özəl xəstəxanaların da hazır olması barədə məlumat verilib.
Musiqi festivalında çıxış edəcəyi gözlənilən, lakin səhnəsindən əvvəl yaşanan faciədən şoka düşən müğənni Nikhita Qandi sosial media hesabından verdiyi açıqlamada hadisəyə görə çox üzgün olduğunu bildirib və deyib ki, “Bu dərin ağrını təsvir etməyə heç bir söz yetərli deyil”. Kerala baş naziri Pinarayi Vijayan fəlakətlə bağlı araşdırma aparılmasına göstəriş verib.
Gununsesi.info