Universitetdə 8 Mart Beynəlxalq Qadınlar günü qeyd edilib

  • By admin
  • 07 Mart 2022 13:40

Gəncə Dövlət Universitetinin 2-ci tədris korpusunda 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbir iştirakçıları torpaqlarımızın işğaldan azad olunmasında canlarından keçmiş Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycanın Dövlət Himni oxunub.

 

Sonra universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və universitetin Azad Həmkarlar  İttifaqı komitəsinin sədri Afaq Qasımova, pedaqoji fakültənin dekanı Bayram Apoyev çıxış edərək qadınlara xoş arzularını çatdırmışlar. Çıxışlarda qeyd edilmişdir ki, Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərib.

 

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Qadınlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu vaxtlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşımışdır.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir.

 

Tədbirdə universitetin ictimai-siyasi həyatında fərqləndiklərinə görə bir qrup qadın əməkdaşa Fəxri fərmanlar və mükafatlar təqdim olunduqdan sonra  tələbələrdən ibarət musiqi kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Gununsesi.info