Xalqımız bahar fəslinin gəlişini simvolizə edən Novruz bayramını qeyd edir. Bu bayram Azərbaycan xalqının tarixində müstəsna yeri olan milli bayramdır. Xalqımız bu bayrama hər zaman xüsusi əhəmiyyət verib. Bayramın adət-ənənələrini qoruyub saxlayıb. Xalqımızın böyük şövqlə keçirdiyi Novruz bayramı eyni zamanda, qədim adət-ənənələrimizin qorunması, onların növbəti nəsillərə ötürülməsi deməkdir.
Bəs görəsən, xalqımızın mənəvi irsində xüsusi yer tutan bu bayramın adət-ənələrini tam şəkildə qoruyub saxlaya bilirikmi? Qədim zamanlarda qeyd olunan hansı adət-ənənələrimiz bu günümüzə gəlib çıxmayıb, yaxud unudulub?
Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlama verən AMEA-nın Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy bildirir ki, qədimdə həyata keçirilən adətlərin bir çoxu, təəssüf ki, bu gün yoxdur.
“Novruz bayramı Azərbaycan xalqının tarixi dərinliklərindən gələn, həmişə xalq tərəfindən müqəddəs sayılmış, əsrlər boyunca qeyd olunmuş bayramdır. Fəlsəfəsinə görə Azərbaycan xalqını həmişə birləşdirən bu bayramın əsas xüsusiyyəti milli əhəmiyyət daşımasıdır”, – deyə o qeyd edib.
S.Rzasoyun sözlərinə görə, hər bir xalqın özünəməxsus, onu ayaq üstə saxlayan, müasir dövrə gətirən bir bayramı olduğu kimi, Novruz bayramı da bizim belə bayramlarımızdandır:
“Novruz bayramı qədim tarixə malikdir. Onun simvollarına diqqət etdikdə görürük ki, bu, bizim ulu babalarımızın, mifoloji düşüncələrdə yaşamış babalarımızın bayramı olduğunu göstərir. Ona görə də bu bayram bizim qanımızdadır.
İllər keçdikcə bu bayrama da müəyyən dəyişikliklər olunub. Şimali Azərbaycanı bölşeviklər işğal etdikdən sonra sovet hakimiyyəti bu bayrama qarşı çox ciddi şəkildə mübarizə aparmışdır. Çünki rus dili, rus mədəniyyəti əsasında sovet xalqı formalaşdırmaq istəyirdilər. Ancaq Novruz bayramı hər dəfə gələndə öz adət-ənənələri ilə bizim milli kimliyimizi yenidən bərpa edirdi, kim olduğumuzu xatırladırdı.
Bu mənada sovet dövründə Novruz bayramının keçirilməsində xeyli dəyişiliklər baş verdi və onun Azərbaycanın milli yaddaşından silməyə çalışdılar.
Təbii ki, Novruz bayramı qədim dövrlərdən bizim yaddaşımızda yaşadığı üçün onu milli yaddaşdan tamamilə silmək mümkün olmadı. Ancaq sovet hökuməti bu bayramı bizim rəsmi bayramımız olmaqdan çıxartdı. O zamanlar bu bayram ailə, el bayramına çevrildi. Müstəqillik əldə edilməsi ilə bayram bütün milli atributları ilə yenidən bərpa olunmağa başladı”.
Seyfəddin Rzasoy deyir ki, son 3-4 il ərzində Novruz bayramının keçirilməsində müəyyən bir səngimə müşahidə olunmuşdur.
“Şübhəsiz ki, Novruz bayramının bir çox adət-ənənələri unudulub. Novruz bayramında köhnə ilin rəmzi olan gəlinciyin yandırılıb yola salınması kimi maraqlı bir adət var idi.
Daha sonra əkinçilik ilə bağlı olan bəzi adətlər olub ki, İlaxır çərşənbəsində və ondan əvvəlki çərşənbələrdə od yandırılıb. Yandırılan odun külündən əkinçilər aparıb əkin sahələrinə səpiblər.
Bu gün bəzi adətlər var ki, ölkəmizin müxtəlif bölgələrində keçirilir, xüsusilə son 3-4 il ərzində Novruz bayramının keçirilməsində müəyyən bir səngimə müşahidə olunub.
2020-ci ildə Azərbaycan düşmən üzərindən qələbə qazanandan sonra xalq öz şəhidlərinin xatirəsini əziz tutduğu üçün bu bayramı bir növ qara bayram kimi də qeyd elədi. Bu da son illərdə Novruz bayramının atributlarının zəifləməsinə səbəb oldu. Qeyd etdiyim kimi, Novruzun qara bayram adəti davam edir. İnsanlar yığışıb yas düşən evi o yasdan çıxardırlar.
Ancaq Novruz bayramının daha gözəl adətlərindən biri də budur ki, maddi sıxıntılar yaşayan yeni qurulan ailələrə el birliyi ilə yardım edilməsidir. Bu ailələr öz evlərini tikib ərsəyə gətirə bilmirdilər. İllik toylu bir adət olurdu ki, insanlar yığışıb həmin ailənin evinin tikilməsinə kömək edər və əşyalar ilə təmin edərdilər.
Bu bayramın ən gözəl adətlərindən biri də küsülülərin barışdırması idi. Əvvəllər insanlar küsülü olanda xalq tərəfindən barışdırılırdı. Ağsaqqalların, cəmiyyətin vəzifəsi idi ki, küsülüləri barışdırsın. Məsələn ailələr, qonşular, qohumlar arasında böyük konfliktlər olanda mütləq idi ki, böyüklər bir araya gəlib, onları barışdırardı. Hətta kəndlər arasında da ciddi konfliktlər baş verəndə ağsaqqalllar Novruz bayramını gözləyirdilər ki, bir araya gəlib iki kəndin adamlarını barışdırsınlar.
Novruz bayramı cəmiyyətdə konfliktləri aradan qaldırıb, cəmiyyət daxilində sosial mənəvi bir harmoniya yaratması idi. İndi təəssüf ki bu gözəl adət yavaş-yavaş sıradan çıxır. Küsülüləri, ciddi konfliktdə olanları bu qayda ilə barışdırılmasına rast gəlmək mümkün olmur.
Ümumilikdə götürdükdə, Novruz bayramı getdikcə müasirləşir. Gözəl təşəbbüsdür ki, bu gün bu bayram rəsmi dövlət səviyyəsində qeyd olunur. Bu da bayramın yeniləşməsini göstərir”.
Şəbnəm Rəhimova
Gununsesi.info