Uolles Ukraynaya səfərbərliyi gücləndirməyi tövsiyə etdi

  • By admin
  • 02 Oktyabr 2023 08:39
ben uoels

Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles Ukrayna rəhbərliyinə əks-hücumun tempinin səngiməsinin qarşısını almaq üçün gəncləri xidmətə daha fəal cəlb etməyi tövsiyə edib.

Gununsesi.info  xəbər verir ki, o, bu barədə bazar günü The Daily Telegraph qəzetində dərc olunan köşə yazısında yazıb.

“Ukraynanın da rolu var. Cəbhədəki [Ukraynalı] əsgərlərin orta yaşı 40 yaşdan yuxarıdır. Mən [Ukrayna] prezidenti Vladimir Zelenskinin gəncləri gələcək üçün qorumaq istəyini başa düşürəm”, – Uolles Rusiyanın canlı qüvvəsinin daha çox olduğunu etiraf edərək yazıb. “Britaniya 1939 və 1941-ci illərdə etdiyi kimi, bəlkə də Ukraynanın səfərbərliyinin miqyasını yenidən qiymətləndirməyin vaxtı çatıb”, – deyə keçmiş müdafiə naziri bildirib.

Avqustun 31-də vəzifəsini tərk edən Uolles Böyük Britaniyanın bu məsələdə Almaniyadan geri qalmasından şikayətlənərək, baş nazir Rişi Sunakın Kiyevə hərbi yardımı 50% artırmağı tövsiyə edib. “Vəzifədən getməzdən əvvəl mən Baş nazirdən […] xahiş etdim ki, bu il Ukraynaya vəd etdiyimiz 4,6 milyard funt-sterlinqə əlavə olaraq 2,3 milyard funt-sterlinq (2,85 milyard dollar) artırsın. Böyük Britaniya artıq Avropanın ən böyük donoru deyil, Almaniyadır”, – deyə Uolles bildirib.

2022-ci ildə Britaniyanın Ukraynaya köçürdüyü hərbi yardımın həcmi təxminən 2,3 milyard funt sterlinq təşkil edib. London bu il bu məqsədlər üçün ən azı eyni məbləğdə vəsait ayırmağı öhdəsinə götürüb. Britaniya hakimiyyəti, xüsusən də Kiyevi uzaq mənzilli “Storm Shadow” raketləri, “Challenger 2” tankları, AS90 özüyeriyən haubitsaları və M270 reaktiv yaylım atəşi sistemləri ilə təmin edib. Rusiyanın Londondakı səfirliyi qeyd edib ki, Kiyev hakimiyyətinə müxtəlif növ silahların tədarükü Böyük Britaniyanın Ukraynadakı münaqişədə açıq iştirakından xəbər verir.

Səid Əhmədli
Gununsesi.info