Uqandada Qənirə Paşayevanın xatirəsinə su quyusu açılıb – FOTO

qənirə paşayeva

Uqandada ötən ay dünyasını dəyişən Milli Məclisin deputatı Qənirə Paşayevanın xatirəsinə yeni su quyusu açılıb.

Gununsesi.info xəbər verir ki, təşəbbüs Türkiyənin Afrikanın Dostları Dərnəyi (TADD) tərəfindən həyata keçirilib.

Quyu Cinja şəhəri yaxınlığındakı Navatumbi kəndində fəaliyyət göstərəcək.

Təmiz içməli su mənbəyinin açılış mərasimində TADD könüllüləri və yerli sakinlər iştirak ediblər.

Afrika Dostları Dərnəyi də kənddəki imkansız ailələrə qurbanlıq ət paylayıb.

TADD-nin rəhbəri Bilgehan Güntekin “Anadolu” ilə söhbətində bildirib ki, dərnək Türkiyə ilə Afrika ölkələri arasında təhsil, səhiyyə və iqtisadiyyat sahələrində əməkdaşlığı genişləndirmək, humanitar yardım göstərmək məqsədi ilə təxminən 10 il əvvəl yaradılıb.

Onun sözlərinə görə, təşkilatın səyləri ilə Afrikada bu günə qədər qitə ölkələrində 600-ə yaxın su quyusu açılıb ki, onların da 300-dən çoxu Uqandadır.

O, həmçinin Türk dünyasının vətənpərvər insanı Qənirə Paşayevanın xatirəsinə ehtiramını ifadə edib: “Onun ruhu şad olsun. Ümid edirəm ki, bu mənbənin insanlara su verdiyinə görə onun ruhu mükafatlandırılacaq”.

 

Gununsesi.info