Uşaq bağçalarında psixoloq ştatının yaradılması təklif olunur

  • By Admin2
  • 05 Mart 2026 15:31

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli, 61 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı haqqında” sənədə dəyişiklik edilməsi təklif olunur.

Gununsesi.info xəbər verir ki, təklifə əsasən, “Uşaq bağçalarının nümunəvi ştatı”na (1 nömrəli əlavə) və “Körpələr evi–uşaq bağçalarının nümunəvi ştatları”na (2 nömrəli əlavə) “uşaq psixoloqu” vəzifəsinin əlavə edilməsi nəzərdə tutulur.

Bildirilir ki, məktəbəqədər yaş dövrü uşaqların psixoloji və sosial inkişafında ən həssas mərhələlərdən biridir. Bu mərhələdə peşəkar psixoloji dəstəyin göstərilməsi uşaqların emosional vəziyyətinin düzgün formalaşmasına, davranış problemlərinin vaxtında müəyyən edilməsinə və onların inkişafına müsbət təsir göstərə bilər.

Mütəxəssislər hesab edir ki, uşaq bağçalarında psixoloq ştatının yaradılması həm uşaqların psixoloji rifahının qorunmasına, həm də valideynlər və tərbiyəçilər üçün peşəkar məsləhət və dəstək mexanizminin formalaşmasına imkan verəcək. Bu addımın məktəbəqədər təhsilin keyfiyyətinin artırılmasına da töhfə verəcəyi qeyd olunur.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edir. Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info