Tailandın şimal-şərqində tapança və bıçaqla silahlanmış şəxsin uşaq bağçasına hücumu nəticəsində 22-si uşaq olmaqla azı 34 nəfər ölüb.
Gununsesi.info BBC-yə istinadla xəbər verir ki, hadisə Nonqbualampxu əyalətində baş verib. Qətliamı törədən şəxs hadisə yerindən qaçıb. Polis Banqkokda nömrə verilmiş ağ rəngli “Toyota”nı axtarır.
Tailandın Mərkəzi İstintaq Bürosuna (CIB) istinadən bir sıra KİV-lərin verdiyi digər məlumata görə isə, hücum edən şəxs intihar edib.
Onun öz arvadı və uşağını güllələdiyi də bildirilir.
İlkin məlumatlara görə, hücum edən şəxsin 34 yaşı var, o, əvvəllər polisdə xidmət edib və bu yaxınlarda işdən çıxarılıb. Cinayətin motivləri məlum deyil.
Tailandda belə hücumlar nadir hallarda olduğu bildirilir.
2020-ci ildə Nakxonratçasim əyalətində hərbçinin hücumü nəticəsində 20-dən çox adam ölmüş, onlarla şəxs yaralanmışdı.