“Uşaq hüquqları” aylığı davam edir

  • By admin
  • 15 Noyabr 2016 16:44

ombudsman

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə 20 oktyabr-20 noyabrtarixlərində keçirilən Uşaq Hüquqları aylığı çərçivəsində Bakıda və rayonlarda silsilə tədbirlər davam etdirilir.

Bu haqda Gununsesi.info-ya Ombudsman mətbuat xidmətindən məlumat verilib.

Belə ki, bu aylıq çərçivəsində Ombudsman Aparatının əməkdaşları Gülnar Rəhimova və Nigar Ağayeva tərəfindənBakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində şagirdlər üçün uşaq hüquqlarının müdafiə edilməsi sahəsində təlim keçirilib.

Təlimdə BMT-nin Uşaq Hüquqları Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu barədə şagirlərə ətraflı məlumat verilmiş, uşaqlara qarşı zorakılıqla mübarizə üsulları, uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində Ombudsman təsisatı tərəfindən həyata keçirilən fəaliyyət, Müvəkkilin uşaq hüquqları üzrə fəaliyyət göstərən 916 nömrəli qaynar xətt xidməti, həmçinin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi haqqında məlumatlar diqqətə çatdırılıb.

Həmçinin tədbirdə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində təhsil alan şagirdlərin iştirakı ilə hazırlanmış “Müharibəsiz həyat” adlı videoçarxın təqdimatı keçirilib.

İnteraktiv formada həyata keçirilən təlimdə maarifləndirici materiallardan istifadə olunmuş,həmçinin Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsi (ENOC) tərəfindən həyata keçirilmiş və bəzi üzv ölkələrin, o cümlədən Azərbaycan Ombudsman təsisatının da iştirak etdiyi “Danışın, gənclər, zorakılığa qarşı danışın” layihəsi çərçivəsində ərsəyə gəlmiş film şagirdlərə nümayiş olunmuş və uşaqları maraqlandıran suallar cavablandırılıb.

Məktəbin direktoru İlahə Carçıyeva və təlim iştirakçıları belə tədbirlərin təşkilinə görə Ombudsmana minnətdarlıq ediblər.

Gülnaz Qənbərli

Gununsesi.info