Uşaqlara ad seçərkən bu məqamlara diqqət yetirmək lazımdır - MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

  • By admin
  • 08 Dekabr 2017 17:48

İnsanın istər sosial, istərsə də psixoloji və mənəvi  həyatında önəmli nüanslardan biri də onun daşıdığı ad və soyaddır. Bu məqam insan həyatının hər mərhələsində mühüm rol oynayır. Ad şəxsiyyətin əsas elementi hesab olunur və onun haqqında geniş məzmun daşıyır. Hər hansı bir şəxs haqqında informasiya ilk növbədə onun adından başlayır.

Gununsesi.info primetime.az-a istinadən bildirir ki, bununla da valideynlər uşaqlarına ad seçərkən həmin adın mənasını və ətrafda necə qarşılaşacağını yaxşı düşünməlidir. Çünki uğursuz seçilmiş ad gələcəkdə sahibini diskomfort vəziyyətə salır. Bəzən “Toyxanım”,”Yanvar”, “Şam”, “Göyərçin”, “Külək”, “Gilas”, “Xiyar”, “Çaydagül”kimi adlara rast gəlirik.

Cəmiyyətdə belə adlar birmənalı qarşılanmadığına görə “qeyri-adi” ada sahib olan şəxslər yaşıdları və ətraf mühiti tərəfindən gülüş həfədinə çevrilir. Lakin bəzi valideynlər gələcək prinsipləri nəzərə almayaraq övladlarına qəribə və gülüş doğuran adlar qoyur. Bu tip primitiv adların qoyulmasının məqsədi dəqiq aydın olmasa da, həmin adlar gələcəkdə cəmiyyət üzvünü adından utanmağına və özünə başqa ad seçməyinə gətirib çıxarır.

Bəs rəsmi sənədlər belə adları necə qəbul edir?

Hüquqşünas Anar Ramazanov normativ hüquqi aktlarda qəribə olan adların qadağan olunduğunu bildirib:

“Nazirlər Kabinetinin xüsusi qərarı ilə ailə qanunvericilik kontekstində insan adları ilə bağlı qəbul edilmiş bir sıra normativ aktlar var. Orada əxlaqa, mənəviyyata, milli-mənəvi dəyərlərə uyğun olmayan adların qoyulmasının qadağan olunduğu deyilir. Lakin həyat təcrübəsindən də görürük ki, valideynlər uşaqlarına müxtəlif məqsədlə xarici, mənası gülüşə səbəb olan və digər tipli adlar verir. Qeydiyyat orqanına müraciət edən həmin valideyn bir çox hallarda imtina cavabı ilə üzləşir. Rəsmi dövlət idarələri qanunun tələblərinə uyğun olaraq bu adları qeydə almaqdan imtina edir. Bunun səbəbi vətəndaşın gələcəkdə haqlarının, şərəf və ləyaqətinin alçalmasının qarşısını almaqdır. Dövlət  vətəndaşının gələcəkdə lağ obyektinə çevrilməsinin qarşısını almaq məqsədilə mənasız və qəribə adlara qadağa qoyub. Bu məqsədlə rəsmi strukturlar insanın nüfuzunun və cəmiyyətdə mövqeyinin artmasına yardım etmək və milli tarixi köklərimizin, ədəbiyyatımızın, dilin saflığının qorunması üçün mənasız və primitiv adların qoyulmasının yol vermir.

Qanunvericilikdə hətta ikili adlara da məhdudiyyət var. Belə ki, qanunda iki adın verilməsi qadağandır. Lakin iki adı birləşdirib bir bütöv ad yaratmaq qanun pozuntusu hesab olunmur. Əgər dövlət qeydiyyat orqanının daxili təlimatında bununla əlaqədar xüsusi bir qayda yoxdursa, bu zaman həmin adlar sənəddə rəsmiləşdirilə bilər”.

Psixoloq-konsultant Aidə Nəbiyeva isə uşaqlarda bu tip adların psixoloji problemlərə yol açdığını deyib:

“Ad insanın mənəvi simasıdır, bunun üçün valideynlər övladlarına ad seçərkən diqqətli olmalıdır. Çünki ad uşaq psixologiyasına mühüm təsir göstərir. Belə ki, anlaşılmayan, dildə gülməli səslənən ada sahib olan uşaq yaşıdları tərəfindən lağa qoyulur və nəticədə onun ətraf mühitlə münasibətləri uğursuz şəkildə qurulur. Belə uşaqlar çox vaxt özünü ifadə etməkdə çətinlik çəkir və özlərinə qapanırlar.

Bəzən valideynlər keçmişdə nənə-babalarının xatirəsini yaşatmaq üçün öz uşaqlarına onların adlarını verir. Bu adların əksəriyyəti uzun və qəribə olduğuna görə səslənmədə onlar çətin tələffüz edilir. Adətən valideynlərin qəribə adlar seçməsi onların ada xüsusi əhəmiyyət verməməsindən də irəli gəlir. Həmin adların məzmun və səslənməsinə məsuliyyətsiz yanaşan valideyn qoyduğu ada gələcək prizmadan baxmır. Bu halda uşaq adın qeyri-adiliyindən dolayı kompleks halına düşərək, aqressiya və ciddi psixoloji problemlərlə üzləşir. Bu baxımdan uşağın cəmiyyətə uyğunlaşmasında adın böyük əhəmiyyəti var və doğulmuş körpəyə ad verərkən valideynlərin bu prinsipləri nəzərə almaları vacibdir”.

Gununsesi.info