Uşaqlara qarşı cinsi istismarın qarşısı alınmalıdır -FOTOLAR

  • By admin
  • 16 Noyabr 2016 17:40
zora
Bakıda uşaqların cinsi istismarı və zorakılıqları müzakirə olunub.
Gununsesi.info xəbər verir ki, bu gün  Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında 18 noyabr “Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi günü” ilə əlaqədar , Azərbaycan Respublikası Milli Məclisin deputatı, Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri, AŞPA-nın uşaqlar üzrə baş məruzəçisi, Sevinc Fətəliyevanın təşəbbüsü, Suraxanı rayon İcra hakimiyyəti və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə “STATUS ONLİNE: TƏHLÜKƏLƏR VƏ ONLARIN QARŞISININ ALINMASI” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən AŞPA-nın uşaqlar üzrə baş məruzəçisi, Sevinc Fətəliyeva bildirib ki, uşaqların təhlükəsiz, sağlam mühitdə yaşaması və hər tərəfli inkişaf etməsi hər bir dövlətin, eyni zamanda hər bir insanın mənəvi və vətəndaş borcudur. O qeyd edib ki, təəssüflər olsun ki, bugünkü narahat dünyada bunları təmin etmək bəzi dövlətlər üçün qeyri mümkündür: “Dünyada gedən müharibələr və münaqişələr nəticəsində hər gün günahsız uşaqlar qətlə yetirilir, valideynsiz qalır, insanlıqdan kənar olan hadisələr yaşayır. Beləliklə uşaq hüquqlarının müdafiəsi hər bir dövlət üçün günü-gündən mürəkkəbləşir və çətinləşir.
Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi olsa da, bu hüquqların xüsusi diqqətə və müdafiəyə ehtiyacı var. Uşaqların tədricən insan hüquqları obyektindən, müstəqil insan hüquqları subyektinə çevrilməsi və həm dövlətin siyasəti, həm də ailədə uşaqların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanınması böyük əhəmiyyət daşıyır”.
Onun sözlərinə görə, artıq 21–ci əsrin əvvəllərindən uşaqlara qarşı zorakılıq məsələsi dünya ictimaiyyətini, eləcə də dövlətləri ciddi narahat etməyə başlamış və onları bu sahədə tədbirlər görməyə  sövq edib.
“2007-ci ilin oktyabr ayının 25- də İspaniyanın Lanzarota şəhərində “Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsinə  dair Avropa Konvensiyası” qəbul olunub. Azərbaycan bu Konvensiyaya 2008-ci ildə qoşulmuşdur. Avropa Şurasının üzvü olan 25 dövlət artıq Konvensiyanı ratifikasiya edib.
2010-cu ildə Avropa Şurasında “Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi üzrə Lanzarota Komitəsi” fəaliyyət göstərir.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  Lanzarota Komitəsində Konvensiyasının təşviqi üzrə əsas “fokal point qurum” olaraq milli ekspert qismində iştirak edir.  Konvensiyanın ratifikasiyası ilə bağlı Dövlət Komitəsi  əlaqələndirici qurum olaraq  dövrü monitorinq sorğularının cavablandırılmasını təmin edir və eyni zamanda Konvensiyanı yerli səviyyədə təşviq edir. Aparılan tədqiqatlar göstərir ki, Avropada hər 5 uşaqdan 1-i cinsi zorakılığın qurbanıdır”-deyə, o bildirib.
S.Fətəliyeva bildirib ki, AŞ Nazirlər Komitəsi tərəfindən təsis edilmiş 18 noyabr Avropa Uşaqların cinsi zorakılıqdan və cinsi istismardan müdafiəsi günü məhz bu gün ilk dəfə AŞ üzv ölkələrində, həmçinin Azərbaycanda qeyd olunur.
Millət vəkili bildirib ki,  məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə, Azərbaycanda 2010-cu ildə “Məişət Zorakılığının qarşısının alınması” haqqında qanun qəbul edilib: “Bununla yanaşı, məişət zorakılığına məruz qalan uşaqların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyası mühüm məsələlərdən biri kimi dəyərləndirilir. 2011-ci ildə qəbul edilən “Sosial xidmət haqda” Azərbaycan Respublikası qanunun tətbiqi sayəsində məişət zorakılığından əziyyət çəkən şəxslərə sosial, tibbi, hüquqi və psixoloji yardımın göstərilməsi məqsədilə icma əsaslı xidmətlərin yaradılması daha geniş vüsət almağa başlayıb.
Millət vəkili əlavə edib ki, sadalananlar Azərbaycanda uşaq hüquqlarının müdafiəsində aparılan işlərin yalnız bir qismidir. O qeyd edib ki, ölkəmizdə bu sahədə bütün dövlət qurumları və qeyri hökumət təşkilatları qarşılıqlı əməkdaşlıq edir və mühim işlər həyata keçirilər.
 Azərbaycanda  uşaq zorakılığına qarşı qanunvericilik bazasının  yaradılması istiqamətində görülən işlər barəsində məlumat verən millət vəkili bildirib ki, bu istiqamətdə  çoxsaylı qanunlar və sənədlər qəbul edilib: “20 ildə bu sahədə 300-dək sənəd qəbul olunub. Uşaq zorakılığı Milli Məclisin prioritet məsələlərindəndir. Biz nəticə ilə yox, daha çox səbəblə mübarizə aparmalıyıq”.
O qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan uşaq hüquqlarının pozulmasından əziyyət çəkib: “Bir milyon qaçqın və məcburi köçkünün üçdə biri uşaqlardır. 200 minə qədər qaçqın və məcburi köçkün uşaqların çadırda yaşaması uşaq zorakılığının nümunəsidir”.
zora1 zora2
Mürtəza
Gununsesi.info