Uşaqlara sosial media qadağası olacaq?

İtaliyada uşaqlara mobil telefon və sosial şəbəkələrdən istifadənin qadağan edilməsi müzakirə olunur.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, təhsil naziri Cüzeppe Valditara da bir qrup ekspert və rəssamın müəyyən yaş qrupuna aid uşaqlar arasında başlatdığı kampaniyaya dəstək verib.

İtaliya mətbuatında yer alan xəbərə görə, pedaqoq Daniele Novara və psixoterapevt Alberto Pellai tərəfindən 14 yaşından kiçik uşaqların cib telefonuna, 16 yaşından kiçik uşaqların isə mobil telefona sahib olmasının qarşısını almaq məqsədi daşıyan imza kampaniyasına ölkənin məşhur simaları da dəstək verib.

Rejissor Paola Kortellesi ilə yanaşı, Alba Rohrwacher, Stefano Accorsi və Luca Zingaretti kimi italyan aktyorlar da kampaniyaya qoşularaq, uşaqların cib telefonlarından və sosial mediadan qorunması lazım olduğunu deyiblər.

Sağçı koalisiya hökumətinin təhsil naziri Valditara da ANSA agentliyinə verdiyi açıqlamada məşhur adların bu açıqlaması ilə razılaşdığını bildirib:“Bu, getdikcə beynəlxalq səviyyədə paylaşılan bir münasibətdir. Mobil telefonlardan və sosial şəbəkələrdən erkən istifadənin vurduğu zərər indi hər kəsə aydındır”.

Bununla belə, gənclər və idman naziri Andrea Abodi sosial şəbəkədəki paylaşımında qadağanın düzgün yol olmadığını və məsələnin dialoq yolu ilə həll edilməli olduğunu bildirib.

Məsələni gündəmə gətirən şəxslərdən biri olan pedaqoq Novara “La Repubblica” qəzetinə uşaqların cib telefonu və sosial mediadan istifadə etməsi ilə bağlı vəziyyətin nəzarətdən çıxdığını, öyrənmə qüsurunun artmasına baxmağın yetərli olacağını bildirib.

Novara bildirib ki, ən qorxulu problem uşaq və gənclərin təcrid vəziyyətində qalmasıdır.

Dünən La Repubblica-da dərc edilən bir araşdırma, 11-19 yaşlı uşaqların yüzdə 47-nin gündə 5 saatdan çox vaxtını internet tətbiqlərinə sərf etdiyini və bu nisbətin 2020-ci ildə yüzdə 30 olduğunu ortaya qoyub.

Qeyd edək ki, iyul ayında verdiyi açıqlamada Təhsil Naziri Valditara yeni tədris ilindən orta məktəbə qədər təhsil də daxil olmaqla, sinif otaqlarında ağıllı mobil telefonların istənilən məqsədlə istifadəsini qadağan edən bir sirkulyar imzaladığını açıqlamışdı.

Gununsesi.info