“Uşaqların ana dili əvəzinə xarici dillərə üstünlük verməsi milli kimlik üçün risk yarada bilər” -Elçin İbrahimov

Son vaxtlar bir çox valideyn və müəllim müşahidə edirlər ki, uşaqlar və gənclər gündəlik danışıqda rus və ingilis dilinə daha çox üstünlük verirlər.

Hətta bir-biriləri ilə danışarkən də Azərbaycan dili əvəzinə xarici sözlərlə fikirlərini ifadə edirlər.

Bəziləri bunu inkişaf kimi qiymətləndirir, bəziləri isə narahat olur. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də millətin kimliyidir. Bu vəziyyətin gələcəkdə bizə nə verəcəyi və ya hara aparacağı isə ciddi sual doğurur.

Görəsən, uşaqların və gənclərin ana dili əvəzinə rus və ingilis dilini üstün tutması gələcəkdə Azərbaycan dili və milli kimliyimiz üçün hansı problemlərə yol aça bilər?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan filologiya elmləri doktoru Elçin İbrahimov bildirib ki, dilin zəifləməsi gələcəkdə elmi, akademik və peşə sahələrində xarici dillərə asılılığı artıraraq biliklərin və təcrübənin milli kontekstdə inkişafını məhdudlaşdıra bilər:

“Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!” - Elçin İbrahimov yazır

“Uşaqların və gənclərin gündəlik ünsiyyətdə ana dili əvəzinə rus və ingilis dilinə üstünlük verməsi bir sıra problemlər yarada bilər. Əvvəlcə, Azərbaycan dilinin zəifləməsi və gündəlik həyatda istifadəsinin azalması milli kimliyin və mədəni irsin qorunmasını çətinləşdirə bilər.

Eyni zamanda, dilin zəifləməsi gələcəkdə elmi, akademik və peşə sahələrində xarici dillərə asılılığı artıraraq biliklərin və təcrübənin milli kontekstdə inkişafını məhdudlaşdıra bilər. Əlbəttə, xarici dil bilmək yaxşıdır, ancaq ana dilində ünsiyyət isə şərtdir.

Dil həm də milli kimlik deməkdir. Buna görə də xarici dilləri öyrənmək vacib olsa da, ana dilinin gündəlik həyatda qorunması və istifadə olunması milli kimliyin, mədəni dəyərlərin və dilin davamlı inkişafının təmin edilməsi üçün həyati əhəmiyyət daşıyır.

Ana dili əvəzinə rus və ingilis dilində ünsiyyəti isə dil üçün ciddi təhlükə hesab etmirəm. Bu sadəcə nitq prosesinin pozulmasıdır”.

 

 

Gülxanım Əliyeva

Gununsesi.info