“Uşaqların xilası” beynəlxalq təşkilatı: 7 oktyabrdan bəri Qəzzadakı uşaqların 1 faizi İsrail hücumlarının qurbanı olub

  • By admin
  • 12 Yanvar 2024 15:40

Uşaq əhalinin 1 faizi 2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumlarının qurbanı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Uşaqların xilası” (“Save the Children”) beynəlxalq təşkilatının bəyanatında deyilir.

Hüquq müdafiəçiləri xatırladıblar ki, blokadaya alınmış eksklavda İsrailin hücumları zamanı 10 mindən çox uşaq həlak olub, ümumilikdə Qəzzada 1,1 milyon azyaşlı uşaq yaşayır.

Belə ki, bölgənin uşaq əhalisinin 1 faizi İsrail ordusunun hücumları zamanı həlak olub, hesabatda qeyd olunur.

“Qəzza zolağında zorakılıqdan sağ çıxan uşaqlar, həyatlarını dəyişdirən xəsarətlər, yanıqlar, xəstəliklər, tibbi yardımın olmaması, valideynlərini və digər yaxınlarını itirmək kimi ağlasığmaz dəhşətlərlə üzləşirlər. Təhlükəsiz yer olmadığı üçün onlar dəfələrlə zorakılıqdan qaçmalı və qeyri-müəyyən gələcəyin dəhşəti ilə üzləşməli olublar”, – deyə hesabatda bildirilir.

“Uşaqların xilası” Təşkilatının işğal olunmuş Fələstin ərazisi üzrə direktoru Ceyson Li bildirib ki, fələstinli uşaqlar Qəzza zolağında atəşkəsin əldə olunmaması üçün yüksək qiymət ödəyiblər.

“Son atəşkəs əldə olunmadığı üçün hər gün orta hesabla 100 uşaq öldürülür. Uşaqların öldürülməsinə heç bir bəraət qazandırmaq olmaz. Qəzza zolağında vəziyyət dəhşətlidir və bütün bəşəriyyət üçün fəlakətdir”, – deyə o bildirib.

İsrailin Qəzza zolağına hücumları 7 oktyabr 2023-cü ildən bəri 23 469 fələstinlini, o cümlədən 10 300 uşaq və 7 100 qadını öldürüb.

Gununsesi.info