ÜST direktoruna ÖLÜM TƏHDİDİ

  • By admin
  • 14 Oktyabr 2021 11:47

“Netflix”də yayımlanan “Konvergensiya: böhran içində cəsarət” adlı sənədli filmdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus nəhayət virusu tanımağa başladıqlarını deyib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, sənədli film 2020-ci il ərzində Çin, ABŞ, Braziliya və Peru kimi ölkələrdə COVID-19 pandemiyası ilə mübarizə aparan həkimlərin, təcili yardım işçilərinin, xəstələrin işlərindən və həyatlarından danışır.

Filmdə dünyanın sağlamlıq sistemlərinin və siyasi qüvvələrinin bu böhranı necə idarə etdiyinə dair mövzulara yer verilib, eyni zamanda zəngin və kasıb ölkələr arasındakı ayrı-seçkiliyə diqqət çəkilib. ÜST direktoru Tedros Adhanom Qebreyesusun sözlərinə görə, ən böyük məyusluq odur ki, yoxsul ölkələr peyvənd çatışmazlığından əziyyət çəkdiyi halda, zəngin ölkələr gücləndirici dozalara keçib.

Sürətli peyvəndlənmənin dünyanın pandemiyaya qarşı ən böyük silahı olduğu vurğulanan sənədli filmdə zəngin və kasıb ölkələr üçün vaksin tədarükü arasındakı uçurumun davam etdiyi qeyd olunub. Əlavə olunub ki, Amerika Birləşmiş Ştatları bir milyard dozadan çox peyvəndi digər ölkələrə çatdıracağını vəd etsə də, sözünün yalnız beşdə birini yerinə yetirə bilib.

Ümumdünya Səhiyyə Təşkilatının direktoru özünün və həmkarlarının pandemiya dövründə dəfələrlə ölüm təhdidlərinə və irqçi hücumlara məruz qaldığını ifadə edib.

Ölüm təhdidləri ilə əlaqədar efiopiyalı sağlamlıq mütəxəssisi “Buna əhəmiyyət vermirik, çünki insanlar ölürdü. Özümüzü deyil, dünyanı düşündük. Mənim üçün COVID-19 həqiqətən qlobal cəmiyyət olaraq hərəkət etməyə səsləyən çağırışdır” deyib.

ÜST-nin təcili yardım proqramının direktoru Maykl Rayan isə dünyanı cənginə alan bu virusun mənşəyinin araşdırıldığını bildirib. O, Elmi Məsləhətçi Qrupun (SAGO) COVID-19-un mənşəyini tapmaq üçün son şans ola biləcəyini vurğulayıb. Bundan başqa, Rayan bildirib ki, elmi qrup epidemiya potensialı olan patogenlərin mənşəyini müəyyən etmək və yönəltmək üçün qlobal çərçivə hazırlamağı tövsiyə edəcək.

Gununsesi.info