
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) H5N1virusunun (quş qripinin) insanlara yayılması ilə bağlı xəbərdarlıq edib.
Gununsesi.info “Science alert” saytına istinadla xəbər verir ki, mövcud quş qripi epidemiyası 2020-ci ildə başlayıb və on milyonlarla ev quşunun tələfatına səbəb olub, çöl quşları, bir sıra məməli heyvanlar da virusa yoluxub. Keçən aydan etibarən bu siyahıya inək və keçilər əlavə olunub.
BMT-nin səhiyyə agentliyinin alimi Keremi Farrar bunun çox böyük narahatlıq doğurduğunu, virusun hazırda təkamül etdiyini və insanlara yoluxma, daha sonra insandan-insana keçmə qabiliyyətinin formalaşdığını bildirib.
ÜST-nin məlumatına görə, 2003-cü ildən bu il aprelin 1-dək quş qripinə 23 ölkədə 889 insan yoluxub, virusdan 463 ölüm faktı qeydə alınıb. Narahatedici daha bir məqam odur ki, Texasda bir nəfərə quş qripi mal-qaradan keçib və bu, ilk belə haldır.
Səlahiyyətlilər virusla mübarizədə monitorinqi gücləndirməyə çağırıb. Məlumatda H5N1 virusuna qarşı peyvəndlərin və terapevtik vasitələrin hazırlanması istiqamətində səylərin davam etdiyi bildirilib.
Gununsesi.info