Üstümüzdən keçən qatar Və yaxud, qız yükü, duz yükü...

  • By admin
  • 30 Noyabr 2016 20:46

leman

Əslində bu mövzu çoxdan beynimi məşğul edirdi. Amma bu gün Bakı metropolitenində baş verən hadisədən sonra necə deyərlər, bu haqda yazmağa əşhədü-ehtiyac duydum.

Deməli, səhər saatlarında bir Nardaran sakini özünü metroda qatarın altına atıb. 65 yaşlı ixtiyar adamı xilas etmək mümkün olub. Belədə deyirlər ki, anası namaz üstə imiş.  Hadisənin təfərrüatına gəlincə..məlum olub ki, ağsaqqalı buna vadar edən səbəb qızının touyna görə götürdüyü borcuymuş. Kİ, alıb toy çaldırıb, cehiz alıb və indi də qaytara bilməyəndə çıxış yolunu özünü qatarın altına atmaqda görüb. Deyə bilərsiz ki, kasıb adamdır, neynəsin, başına haranın daşını salsın? Yox, əzizlərim, məsələ bir az başqa cürdür.

Ayağımızı  yorğana görə uzatmamaq  bizim qanımızdadır. Ancaq bizdə qızın cehizi üçün atalar-analar özlərini bu şəkildə fəda edə bilərlər. Çünki, millət olaraq cehiz məsələsinə həssasıq. Sizi bilmirəm, mənim doğulduğum kənddə qıza babat cehiz verilməliydi. Toyun ertəsi, gəlinin üzə çıxdığı gün həm də onun apardığı cehizə baxış   günüydü. Adama deyərlər, heç dəxli var?? Mənim gətirdiyim cehizdən sizə nə?  Amma bunu indi belə deyirik. O vaxt bunu demək olmazdı, dərinə saman təpərdilər. Bu, adət-ənəənəyə qarşı çıxmaq, çayın axınına qarşı üzmək demək idi. Qısası, pis cehiz  toyun ertəsi günü kənddə  məsxərə predmetinə çevrilərdi. Eynən bax bu şəkildə.” Bu nə cehizdir? Bir yorğanla,  bir yastlq,  qoduğun boynundan asdıq?!”

Məhz bu “qoduq” tənəsini eşitməmək, heç kimin “ağzına saqqız”  olmamaq üçün hamı  qızına cehiz verməyə çalışardı. Əlbəttə, yaxşı cehiz rahatlıqdır, evinin komfortudur, övladının qulaq dincliyidir. Amma  imkan daxilində. Təəssüf ki, bəzilərimiz imkanlarımızı bildiyimiz halda yenə də başımıza dərd açırıq.  Borc alıb toy edirik, həm də sünnət toyu…..təki sorağı dillərdə dolaşsın. Borc alıb qız köçürürük, cehiz alırıq, təki desinlər filankəsin qızının yataq örtüyü hürrəm Sultanın yataq örtüyündəndir, dörd göz istəyir tamaşasına dursun.Və belə olanda da bir gün bütün ölkə sənin faciənin tamaşaçısına çevrilir. Metronun Koroğlu stansiyasında özünü qatarın altına atan kişi də belə köhnə sreorotiplərin qurbanıdır. Və nə yazıqlar ki, bu köhnəlikdən qurtula bilmirik. Əksinə,hətta ətrafımızda belə hər gün onları təzədən  kəşf edirik. Təxminən bir ilin söhbətidir. Keçmiş iş yoldaşlarımdan biri evlənir dedilər. Nəsə mənə elə gəldi ki, bir dəfə də o adamın adını evlənən qismində eşitmişəm. Dedilər yox, 1 il qabaq toy edən  onun nişanlısı idi, kasıb olduğundan cehiz ala bilməyib və toyunu bir il əvvəldən edib. Mən onda çox təəccüblənmişdim və düşünmüşdüm ki, görəsən cehiz aparmamaq daha pisdir, yoxsa qız toyu etdiyin halda daha bir il ata evində oturmaq?

Hər halda, cehiz üçün insanların özünü dağa-daşa salması yaxşı ənənə deyil. Yəqin xatırlayarsız, bir-iki il əvvəl Xaçmazda olan  hadisəni. Bir qadının bankdan  8 min manat pul götürüb qızına aldığı cehiz ev qarışıq yanıb külə dönmüşdü. O qadının səsi hələ də qulağımdadır. Deyirdi ki, onsuz da qızın toyunu cehizə görə 2 il təxirə salmışdıq, cehiz də yanıb külə döndü, banklar da gəlib boğazımıza çöküb.

Qısası, çətin məsələdir. Daha çətini, özümüzü dəyişə bilməmək, köhnəlikdən xilas olmaq istəməməyimizdir. Bir təklifim var.  Qızımızı cehizə görə sevən oğlana qız verməyək. Cehizə görə elçi gələn oğlan adamını  qapımızdan qovaq. Demirəm ki, cehiz məhfumunu aradan götürək, yox! Cehiz verək, hətta imkanımız varsa lap bir yük qatarı.  Amma  imkanımız yoxdusa,   özümüzü qatarın altına atmayaq.

Ləman Ələşrəfqızı,

Əməkdar jurnalist