“Üsyançı müstəntiq”in anasından təsirli müraciət -ANALARA

  • By admin
  • 30 Dekabr 2016 10:28
rufet
Əziz analar və bacılar! Sizə müraciət etməyim təsadüfi olmadı. Qarşıdan yeni il bayramı gəlir. Düşündüm ki, bu əziz gündə sizləri qəlbən təbrik etmək, hər birinizə ailə səadəti, övlad xoşbəxtliyi arzulamaqla öz mənəvi borcumu yerinə yetirmiş oluram. Bu mənim üçün həm də ona görə böyük mənəvi borc daşıyır ki, Azərbaycan qadının-əməkçisinin, müəlliminin, həkiminin və öz zəhməti ilə ailəsinin problemlərini aradan qaldırmaq üçün əziyyətə qatlaşan ana-bacıların qəhrəmanlığnı, dəyanət və fədakarlığını, onların ictimai həyatımızdakı rolunu hər an görür, hiss edir və bununla fəxr duyuram. Sizi narahat edən məsələlərin köhnə ildə qalmasını, yeni ilə daha bəxtəvər, daha firavan həyat eşqi ilə qədəm qoymağınızı o tək Allahımızdan diləyirəm.
Azərbaycan qadını başını uca tutmağa layiqdir. Qədirbilən xalqımız analarımıza yüksək qiymət verir, ölkənin gələcək həyatında onların əvəzsiz yerini daim dəyərləndirir.
Mən məhbus anasıyam. Rüfət kimi ağıllı, düşüncəli, qəlbi haqq və ədalət uğurunda çırpınan bir oğul dünyaya gətirmişəm. O, indi bizdən ayrı, həbsxana şəraitində, qapalı divarlar arasında yaşamağa məhkum edilmişdir. Bu cür mərd və cəsur oğullar az deyil. Rüfət kimi şərlənərək azadlıqdan məhrum edilənlərin sayı təəssüflər olsun ki, çox-çoxdur, həbsxanalar ağzınadək dolub. Mən onların hamısına bir ana olaraq azadlıq arzu edirəm, bu onların haqqıdır. Suç işlətmədikləri halda səslərini boğurlar. Lakin nə zamana qədər bu azad səsi, özgür fikri boğmaq mümkün olacaqdır? Bu ədalətsizliyə, haqsızlığa imza atanlar qoy yaxşı düşünsünlər və unutmasınlar ki, təqiblərin, təzyiqlərin cavabı bir zaman veriləcəkdir. Bəli,i stibdad  sevinməsin və elə fikirləşməsin ki, günahsız övladlarımızın başını qılınclanmasına sonunadək Allah dözəcəkdir. Üç dəfə müqəddəs Məkkə ziyarətinə gedən bir insan olaraq mən bunu deyirəm.Ona görə də övlad həsrəti ilə yaşayan analardan sıxıntılar keçirməməyi, qürurlu olmağı, qanunsuzluğa, ədalətsizliyə qarşı mübarizədə bir sırada dayanmağı təvəqqə edirəm. Qorxmayın, çünki ehtiyat etməyə bir hacət yoxdur. Nə qədər çəkinəcək, basqılardan, həbsxana divarlarından  qorxacağıqsa üzərimizə daha amansız  şəkildə yüyürəcəklər. Azərbaycan qadını mütəşəkkil olmalıdır, mübarizə əzmini və qətiyyətini  çiyin-çiyinə söykənərək  birgə aparmalıdır. Birimizi öldürə, ikimizin, üçümüzün, onumuzun başını kəsə bilərlər, amma bütövlükdə Azərbaycan anasının qarşısında duruş gətirə bilməzlər. Görün, hansı dünyada yaşayırıq? Tanış, biliş bəzən mənə qorxa-qorxa deyir ki, sakit yerinizdə oturun, danışmayın, səsinizi çıxarmayın, evdə belə ehtiyyatlı olun, yoxsa həm oğlunuzun, həm də sizlərin başına ağlınıza gəlməyən elə oyunlar aça bilərlər ki, bu böyük faciənin də   ağrı və iztirablarına dözmək çətin olar…  Siz bir insanların düşüncəsinə hakim kəsilən qorxunun miqyasına  baxın. Çox dözülməzdir! Lakin bu məni bir ana, oğul həsrəti ilə yaşayan Azərbaycan qadını olaraq qorxuda bilməz. Rüfətin azadlığa çıxana qədər arxasında dayanacağam. Onu müdafiə etmək, haqlı olduğunu dünyaya çatdırmaq üçün mübarizəmi bir an belə kəsən deyiləm.  Eləcə də bütün günahsız məhbusları azadlığa çıxaraq ailələrinə qovuşmasını  arzu edirəm. Mən onları Rüfətdən ayırmıram. Bu bayram günlərində onların hər birisini bağrıma basıb öpürəm. Bu mübarizlərdən,qəhrəman oğullarımızdan  yalnız bir xahişim var. Səbrli, iradəli, təmkinli olsunlar. Haqq gəlib öz yerini tapacaq və biz anaları övlad vüsalına yetişdirəcək.
Umutsuzuz olma demə
Umutları var edən
Səbəbləri yaradan
Olmazları olduran
Allah var!
Bəli, Allah var, əziz analar,bacılar! Bu dərin inamla da bayramınızı bir daha  təbrik edir və hər birinizə ailə səadəti,firavanlığı,övlad xoşbəxtliyi arzulayıram  .
Hörmətlə, Tahirə Tahir qızı Səfərova 
29.12.2016