
Amerikanın xüsusi əməliyyatlarda istifadə edilən flaqman gəmisi Aralıq dənizindəki marşrutunu dəyişmək və İsrailə doğru istiqamət almaq barədə qəfil qərar verib.
Gununsesi.info xəbər verir ki, Qəzza hadisələri davam edərkən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Bataan” amfibiya hücum gəmisi Şərqi Aralıq dənizində istiqamətini dəyişərək İsrailə doğru yola düşüb.
Cənubi Kiprə çatan gəmi təchizat üçün Larnaka limanında dayanıb.
2500 dəniz piyadası, təyyarə və helikopter, raket batareyaları olan gəminin 600 çarpayılıq xəstəxanası da var. Gəmi əvvəllər terrorçu cinayətkarların həbsxanası kimi də istifadə edilib. Admiral Pol Bukhartın komandanlığı altında olan gəminin bir qrup mülki şəxsi İsraildən təxliyyə edəcəyi də bildirilib. Gəmi 2020-ci ildə İran İnqilab Keşikçiləri Ordusunun komandanı general-mayor Qasım Süleymaninin öldürüldüyü əməliyyatda da istifadə edilib. “Bataan” gəmisi bir müddət əvvəl Sakit Okeandakı vəzifələrini tamamlamış və Aralıq dənizinə hərəkət edib.
Amfibiya hücumlarında və xüsusi təyinatlı əməliyyatlarda istifadə edilən gəmi 11 sentyabr hadisələrindən sonra xəstəxana kimi fəaliyyət göstərib. O, həmçinin “Katrina qasırğası” zamanı Yeni Orleandan 1600 nəfərin təxliyəsinə kömək edib.
İngiltərədə yerləşən insan haqları təşkilatı Reprieve tərəfindən hazırlanan hesabatda “USS Bataan” gəmisinin “terror şübhəliləri üçün həbsxana kimi istifadə edildiyi” iddia edilib.
Gununsesi.info