Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşdi

  • By Mina
  • 19 Aprel 2024 17:50

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib.

 

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

 

Belə ki, Məcəlləyə yeni 253-1-di maddə (Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi) əlavə olunub.

 

Yeni maddəyə əsasən, üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi dedikdə daşınar əmlakın satılmasına, qeyri-yaşayış sahələri və kommersiya təyinatlı digər daşınmaz əmlakın icarəyə və ya idarəetməyə verilməsinə və əmlakın yaxşılaşdırılmasına dair tədbirlərin görülməsi başa düşülür.

 

Üzərinə həbs qoyulmuş əmlak mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaq, habelə üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq məqsədilə idarə edilir.

 

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi haqqında qərar məhkəməyədək icraat zamanı müstəntiqin əsaslandırılmış vəsatəti və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurorun təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə, məhkəmə icraatı zamanı isə işə baxan məhkəmə tərəfindən qəbul edilir.

 

Bu Məcəllənin 253-1.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə satıla bilər.

 

Üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçinin razılığı olmadan, yalnız əmlak tez xarab olan əşya olduqda və ya əmlakın saxlanılması insanların həyatı, sağlamlığı və ya ətraf mühit üçün təhlükə yaratdıqda satıla bilər.

 

Müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra üzərinə həbs qoyulmuş daşınar əmlakın hərracda satışı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir.

 

Üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq məqsədilə mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə onun yaxşılaşdırılması ilə əlaqədar tədbirlər görülə bilər. Mülkiyyətçinin razılığı olmadan əmlakın yaxşılaşdırılması ilə əlaqədar tədbirlər yalnız onun satılmasına dair qərar qüvvəyə mindikdən sonra və həmin qərarda müvafiq yaxşılaşdırma tədbirləri də nəzərdə tutulduqda görülə bilər. Üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması ilə əlaqədar tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir.

 

Üzərinə həbs qoyulmuş qeyri-yaşayış sahələri və kommersiya təyinatlı digər daşınmaz əmlak mülkiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə bu Məcəllənin 253-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada icarəyə və ya idarəetməyə verilə bilər.

 

Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsinə, bu tədbirlər həmin əmlakın sübut kimi istifadə edilməsinə və ya digər şəkildə cinayət mühakimə icraatının vəzifələrinə nail olunmasına mane olmadığı halda yol verilir.

 

Müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir.

Gununsesi.info