Medianın İnkişafı Agentliyi (MEDİA) online media subyektləri üçün növbəti 6 ay müddətinə maliyyə yardımını açıqlayıb.
Gununsesi.info-nun xəbərinə görə, dövlətdən maliyyə alacaq xəbər saytları arasındaModerator.az saytı da var.
Qeyd edək ki, saytın rəhbəri tanınmış jurnalist Zülfüqar Hüseynzadə bir neçə gün əvvəl doğulduğu Kəlbəcər Rayonunun Başlıbel kəndində qəfil vəfat edib.
MEDİA-nın Moderator.az saytının yaşaması üçün maliyyə yardımı ayırması jurnalistlər arasında müsbət qarşılanıb.
Turkustan.info saytının baş redaktoru Aqil Camal sosial şəbəkə hesabında bu barədə yazıb:
“Medianın İnkişafı Agentliyinin açıqladığı onlayn media subyektlərinə dəstək siyahısında bu günlərdə vaxtsız-vədəsiz dünyasını dəyişmiş əziz həmkarımız Zülfüqar Hüseynzadənin baş redaktoru olduğu sayt da var.
Siyahıda gözüm ilk Moderator.az-ı axtardı, sevindim.
Medianın İnkişafı Agentliyinə bu qərarı üçün şəxsi minnətdarlığımı bildirirəm. Bu qərar ilk növbədə informasiya məkanımızda öz dəst-xətti ilə seçilən Moderator.az az saytına, onun fədakar kollektivinin işinə verilən doğru qiymətdir.
Eyni zamanda, gedişi ilə media camiəsinə ağır üzüntü buraxmış Zülfüqar qardaşımızın missiyasının davam etdirilməsinə verilən dəstəkdir”.
Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimli də hesab edir ki, Moderator.az-ın bu siyahıda qalması MEDİA-nın Zülfüqar Hüseynzadənin xatirəsinə sayğısıdır: “Zülfüqar bəyin itkisi bizim üçün gözlənilməz idi. Bəlkə də buna görə də onu itirməyimizlə barışa bilmirik. Moderator.az-a məndən sonra Zülfüqar bəy rəhbərlik etmişdi. Saytın üzərində zəhmeti böyük idi. Bu gün o saytın yaşaması bizim üçün təsəlli olardı. Şadam ki, Moderator.az dövlət qayğısından kənarda qalmadı. Ümid edirəm ki, kollektiv o saytı saxlayacaq”.
Şəbnəm
Gununsesi.info