Vəfat edən hərbçilərin ailə üzvlərinin pensiyası yenidən HESABLANIB

  • By admin
  • 11 Yanvar 2022 12:49

“1 iyun 2017-ci ilə qədər hərbi qulluqçu vəfat etdikdə onların ailə üzvlərinə müvafiq təminat xərcinin 35 və ya 50 faiz miqdarında pensiya təminatı nəzərdə tutulub. 1 iyun 2017-ci ildən sonra edilmiş dəyişikliyə uyğun olaraq qeyd olunan faiz dərəcələrinin 80 faizə çatdırılması müəyyənləşdirilib”.

Gununsesi.info-nun məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev bildirib.

Onun sözlərinə görə, həmin dəyişikliyə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilən şəxslərə mərhum həyat yoldaşının təminat xərcliyinin 80 faizi qədər əmək pensiyası ödənişi təyin edilir: “Tutaq ki, hərbi qulluqçu 2017-ci ildə vəfat edib, onun ailə üzvünün pensiya hüququ həmin ilin dekabrında yaranıbsa, bir ailə üzvü olduğu halda 35 faiz miqdarında əmək pensiyası təyin edilir və 80 faizə çatdırılmaqla müəyyənləşdirilir. Amma 2017-ci ilin 1 iyunundan əvvəl pensiya təyinatlarına bunların şamil edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. 2017-ci ildən əvvəl pensiya təyin edilmiş şəxslərin pensiyası köhnə qaydada, yəni 35 və ya 50 faiz miqdarında müəyyənləşdirilib. Burada bir ziddiyyət var idi və bunun aradan qaldırılması üçün rəhbərliyə məruzələr təqdim edildi. Digər dövlət qurumları ilə məsləhətləşmələr aparıldıqdan və məhkəmələrin məsələyə yanaşmasını öyrəndikdən sonra 2017-ci il 1 iyundan sonra əmək pensiyası təyin edilmiş şəxslərin də əmək pensiyalarının yenidən hesablanmasına başlanılıb. Bu, nazirin 2020-ci ilin mart ayından verdiyi tapşırığa əsasən həyata keçirilməyə başlayıb. 2020-ci ilin mart ayından indiyədək 1200-ə yaxın belə şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası yenidən hesablanıb. Burada söhbət hərbi qulluqçu və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərin əmək pensiyası təyin edilmiş ailə üzvlərindən gedir. Onlara hesablanan aylıq əmək pensiyasının məbləği ümumilikdə 458 min manat idi, yenidən hesablanma ilə bu rəqəm 940 min manata qalxdı. Bunun aylıq maliyyə yükü 482 min, illik maliyyə yükü isə 5 milyon 700 min manat təşkil edir. Nəticədə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxsin pensiya məbləği 390 manatdan orta hesabla 800 manata qədər artdı. Bu, 5 və ya 15 faiz artım deyil, birbaşa 105 faiz artım deməkdir. Eyni zamanda, bu şəxslərə keçmiş dövr üzrə 15 milyon manatdan artıq vəsait hesablanıb. Həmin vəsait də qanunvericiliyin tələblərinə uyğun olaraq onların artırılmış pensiyalarının üzərinə əlavə edilməklə ödənilməkdədir. Qərar veriləndə bunların hamısı nəzərə alınmışdı. Hazırda ailə başçısını itirməyə görə pensiyanın hesablanması ilə bağlı 300-dən yuxarı müraciətə baxılmaqdadır”.

Gununsesi.info