Vəkil: Bəxtiyar Hacıyev özünü günahkar saymır və hər hansı sənədi imzalamır

  • By admin
  • 14 Aprel 2023 09:27

Aprelin 12-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan insan hüquqları fəalı Bəxtiyar Hacıyevə cinayət işi üzrə məhkəmə fonoskopik ekperttizasının nəticələri elan olunub.

Bu barədə vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, bu ekspertizanın nəticələri cinayət işi üçün əhəmiyyət kəsb etmir.

“Bəxtiyar Hacıyev hər hansı sənədi imzalamır. O özünü günahkar saymır”, vəkil qeyd edib.

Vəkil Bəxtiyar Hacıyev isə adaşı Bəxtiyar Hacıyevlə görüşdən sonra Amerikanın Səsinə deyib ki, Hacıyevin uzunmüddətli aclıq aksiyasından sonra səhhəti normallaşmaqda davam edir.

“Ümumiyyətlə səhhətini normal hesab etmək olar. Bir qədər psixoloji gərginliyi var. O özünü günahkar saymır və Daxili İşlər Nazirliyinin nümayəndəsinə cinayət işinin xitam edilməsinin vacibliyini çatdırdı”, o qeyd edib.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 sutka həbs qərarı çıxarıb. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha bir ay, fevralın 23-də isə daha 2 ay – aprelin 28-dək uzadıb. Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi və ya məhkəmə başlayana qədər zaminə buraxılması ilə bağlı vəkillərin çoxsaylı vəsatətləri məhkəmələr tərəfindən təmin edilməyib.

Fevralın 28-də – aclıq aksiyasının 51-ci günündə Hacıyev aclığı dayandırıb.

ABŞ Dövlət Departamenti, ABŞ Senatı, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Gununsesi.info