
“Təəssüflər olsun ki, deyilənlər həqiqət idi. Ali Məhkəmənin qərarına baxmayaraq, Vəli Ələsgərov qanunsuz olaraq 2 gün Naxçıvanda cəzaçəkmə müəssisəsində qaldı”.
Bunu Gununsesi.info-ya açıqlamasında həbsdən yeni azadlığa çıxan Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun vəkili Vüqar Xasıyev deyib.
Vəkilin sözlərinə görə, məhkəmə qərarını cəzaçəkmə müəssisəsinə təqdim etsə də lakin müdafiə etdiyi şəxsə bu barədə heç nə deyilməyib: “Vəli Ələsgərov azadlığa çıxması barədə qərarı oradan buraxılan anda bilmişdi”.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə Gununsesi.info-ya Naxçıvandakı cəzaçəkmə müəssisəsinin Penitensiar Xidmətə tabe olmadığını iddia edib.
Lakin vəkil Vüqar Xasıyev Sadıqovun bu dediklərini yalanlayıb.
Vəkil, həmçinin bildirib ki, Vəli Əsgərov həbsdə olduğu bir neçə il ərzində ağır şəraitdə saxlanılıb: “Onun heç bir hüquq tanınmayıb. Bir neçə ildə cəmi bir dəfə ailəsi ilə şüşə arxasından görüşə bilib. Bu da o zaman olub ki, mediada Vəli Ələsgərovun vəfat etməsi barədə xəbər yayılmışdı. Həmin zaman ailəsi onu şüşə arxasından görə bilmişdi”.
Vüqar Xasıyev deyir ki, Vəli Ələsgərov azadlığa çıxan kimi Bakıya təyyarə bileti alıblar: “Dərhal Naxçıvanı tərk elədik. Səhhətində müəyyən problemlər var. Hazırda səhhəti ilə məşğuldur”.
Gununsesi.info