“Vəkillər Kollegiyası mənimlə bağlı rəyi saxtalaşdırıb”- YALÇIN İMANOV

“Vəkillər Kollegiyası mənimlə bağlı rəyi saxtalaşdırıb”

Gəncə İnzibati-İqtisadi Məhkəməsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsinə dair iddiası üzrə məhkəmə başlayıb.

Gununsesi.info xəbər verir ki, hakim Rəşad Mamedovun sədrliyi ilə keçirilən məhkəmədə Y.İmanov bir sıra vəsatətlər qaldırıb.  O, bu işin baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi, iddianın qeyri-mümkün hesab edilməsi, yaxud baxılmamış saxlanması, vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı şikayət və qərarların surətlərinin ona təqdim olunması və s. məsələlər haqda vəsatətlər qaldırıb.

Y.İmanov bildirib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti onunla bağlı İntizam Komissiyasının rəyini saxtalaşdırıb: “19 sentyabrda Vəkillər Kollegiyası İntizam Komissiyasının rəyi mənə elan olunmuşdu. Orada yazılmışdı ki, “Penitensiar Xidmətin şikayəti xüsusi araşdırma tələb edir. İntizam Komissiyasının belə bir araşdırma aparmaq səlahiyyəti yoxdur. Ona görə də vəkil Yalçın İmanovun hərəkətlərində intizam pozuntusu olub-olmadığını müəyyən etmək mümkün deyil”. İddia ərizəsinə əlavə olunmuş rəydə isə yazılıb ki, guya mən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunu, vəkillərin davranışı haqqında Əsasnaməni kobud şəkildə pozmuşam, işgəncələrlə bağlı səlahiyyətli orqanların araşdırmasını gözləmədən mətbuata açıqlama vermişəm. Belə çıxır ki, Kollegiya rəhbərliyi saxtakarlıqla məşğuldur”.

Y.İmanov həmçinin vəkillik fəaliyyətinin dayandırılması haqda Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il tarixli qərarının ləğvinə dair qarşılıqlı iddia qaldırıb. Amma hakim həmin iddianı icraata qəbul etməkdən imtina edib.

Məhkəmə martın 16-da davam edəcək.

Gülər

Gununsesi.info

COMMENTS