Vəkillərin məhbusları virusa yoluxdurması qalmaqalına MÜNASİBƏT

  • By admin
  • 22 Yanvar 2022 14:51

Bir neçə gün öncə Ədliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova sosial şəbəkə hesabında paylaşım edərək vəkillərin təcridxana və cəzaçəkmə müəssisələrində müvəkilləri ilə görüşə gələrkən karantin rejiminin qaydalarına əməl etmədiyini bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan məhdudiyyətlərə, tələblərə dair sosial şəbəkələrdə mənfi fikirlərə rast gəlinir. Onun fikrincə, məhkumlarla görüşə gələn şəxslər, o cümlədən, bəzi vəkillər tərəfindən koronavirus testindən keçmək tələbinə narazılıq ifadə olunur:

“Penitensiar müəssisələrə daxil olmaq üçün vəkillərə, müstəntiqlərə və başqa şəxslərə əlverişli şərait yaradılaraq Ədliyyə Nazirliyi pulsuz PCR testin verilməsi təşkil edib. Eyni zamanda, buna alternativ olaraq həmin şəxslər bilavasitə getdiyi penitensiar müəssisədə ekspess test verməklə içəri daxil ola bilərlər. Buna rəğmən məhkumların hüquq və mənafelərini qorumalı olan vəkillərin onların sağlamlığına biganə yanaşmaları təəccüb və təəssüf hissi doğurur”.

 

 

Bu açıqlamadan sonra Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov Aynur Sabitovanın iddialarına cavab verib. O, nazirlik rəsmisinin iddialarını qəbul etmədiyini söyləyib:

“Məhbusların vəkilləri vasitəsilə virusa yoluxma hallarına rast gəlməmişəm. Hətta belə hal olubsa belə, bu barədə heç vaxt və heç bir qurumdan təqdiqlənmiş rəsmi məlumat daxil olmayıb. Öz təşəbbüsümüzlə apardığımız araşdırmalarımız da bu cür şayiələri təsdiq etməyib. Hər kəsdən yoxlanılmamış və təsdiqini tapmayan məlumatları paylaşmamağı xahiş edirəm. Vəkillərin əksəriyyəti vaksinasiyadan keçib və müvafiq sertifikata malikdirlər”.

Məsələ ilə bağlı Modern.az-a danışan Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) rəhbəri Rauf Zeyni bildirib ki, pandemiya başlayandan indiyədək vəkillərin məhkumları koronavirusa yoluxdurmasına dair fakt qeydə alınmayıb.

“Məhkumların vəkilləri, onların yaxınları, doğmaları görüş zamanı karantin qaydalarına əməl etməlidirlər. Karantin qaydalarına riayət etmirlərsə, onlar məhkumu və hər hansı xidmət heyətini virusa yoluxdura bilərlər.

Mən vəkillərin məhkumları koronavirusa yoluxdurması faktına rast gəlməmişəm. Əlimdə bununla bağlı fakt yoxdur. Təbii ki, əgər vəkil virusa yoluxduğu halda məhkum ilə görüşə gəlirsə, sözsüz, məhkum da yoluxacaq. Amma mən ölkə ərazisində belə bir faktla rastlaşmamışam.

Hər bir vəkil məhkumla görüşdən əvvəl koronavirus testindən keçməlidir. Məhkumların hüquq və mənafelərini qorumalı olan vəkillər onların sağlamlığına biganə yanaşmamalıdır”, – deyə Rauf Zeyni vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda məhkumlar arasında koronavirusa yoluxma halları aşkarlansa da, onların dəqiq sayı məlum deyil.

Gununsesi.info