“Vəkilliyin dostu” mükafatı alanların adları ELAN OLUNDU

  • By admin
  • 27 Dekabr 2023 18:28

Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, hər il dekabrın 28-i Azərbaycanda “Vəkil günü” kimi qeyd edilir.

Bu gün – dekabrın 27-də “Fairmont” mehmanxanasında vəkillərin peşə bayramı ilə bağlı təntənəli mərasim keçirilib.

Vəkillər Kollegiyasının (VK) təşkil etdiyi tədbirdə bu qurumun rəhbərliyi ilə yanaşı, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Baş prokurorun müavini Heydər Məmmədov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Polis Akademiyasının rəisi Canpolad Daanov, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov da daxil olmaqla, bir sıra təhsil müəssisəsinin nümayəndələri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və KİV nümayəndələri iştirak edib.

Gununsesi.info-nun məlumatına görə, mərasimi VK-nın sədri Anar Bağırov açıb. Sonra, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Akademik Filarmoniyasının xor orkestrının ifasında Dövlət Himni səsləndirilib.

Ardınca VK-nın 2023-cü il üzrə hesabat videosu nümayiş etdirilib.

Vəkillər Kollegiyasının Anar Bağırov son dövrlər görülən işlərdən danışıb. Diqqətə çatdırıb ki, 2018-ci ildən VK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak etmiş 4594 namizəddən 1401 nəfər vəkil andı içib. Bu gün isə vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş daha 44 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunub. Beləliklə, vəkillərin sayı 2431 nəfərə çatıb.

Anar Bağırov qeyd edib ki, hazırda and içənlər sırasında Vətən müharibəsi iştirakçısı, qazi Elman Məcidov da var.

A.Bağırov VK-nın “Heydər Əliyev ili” ilə bağlı gördüyü işlərdən də danışıb.

Daha sonra, tədbirdə vəkilliyin inkişafına verdiyi töhfəyə və səmərəli əməkdaşlığa görə məhkəmə hakimiyyətindən Konstitusiya Məhkəməsi, qanunvericilik hakimiyyətindən Milli Məclis, icra hakimiyyətindən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, hüquq-mühafizə orqanlarından Baş Prokurorluq, ali təhsil müəssisələrindən ADA Universiteti və hüquq müdafiəçilərindən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu 2023-cü il üzrə  “Vəkilliyin dostu” mükafatı ilə təltif edilib.

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə “Səmərəli əməkdaşlığa görə”, o cümlədən II “Yüksəliş” müsabiqəsinin qalibi Ramil Abulov “Yüksəliş” müsabiqəsinin idarəçi rəhbəri Anar Bağırov ilə 1 illik fərdi inkişaf – mentorluq proqramını müvəffəqiyyətlə bitirdiyinə görə təltif olunublar.

Tədbirdə VK-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Dəmir yumruq” hüquq sahəsində intellektual müsabiqənin qalibi olmuş Polis Akademiyasının komandası və ELSA Azərbaycan tərəfindən Kollegiyanın tam dəstəyi ilə həyata keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının IX buraxılışının qalibi adını qazanmış “Libertas” komandası təltif ediliblər.

Sonra mərasimdə Vəkil Marşı səsləndirilib. Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi olub, vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr, reyestrdən çıxarışlar və döş nişanları təqdim edilib.

Eyni zamanda, mərasimdə VK-nın bu ildən beynəlxalq qeydiyyatlara alınan və yeni formatda buraxılan “Azərbaycan vəkili” jurnalının təqdimatı keçirilib.

Bundan başqa, 2023-cü il ərzində ən çox ödənişsiz hüquqi yardım aksiyasında iştirak etdiyinə görə Gəncə şəhər 1 saylı Vəkil Bürosu ilə Naxçıvan Respublikasının Vəkillər Kollegiyası “İlin vəkil qurumu”, il ərzində VK-nın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Biznes Hüququ Komitəsi “İlin vəkil komitəsi”, il ərzində dövlət hesabına hüquqi yardım göstərən vəkillər sırasında ən çox uğurlu nəticə əldə etdiyinə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad İsayev “İlin vəkili”, il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə “Kredo” Vəkil Bürosunun vəkili Vüsalə Muradxanlı “İlin təlimçi vəkili” elan olunub.

Sonda fəaliyyətləri dövrlərində fərqlənən və habelə yubileylərini qeyd edən Kollegiyanın bir qrup üzvləri təltif edilib.

Gununsesi.info