Ölkəmizin elmi-mədəni və ictimai mühitində zəngin erudisiyası, peşəkarlığı, zəhmətkeşliyi və təvazökarlığı ilə seçilən bir ad var:
Respublikanın əməkdar müəllimi, professor, fiologiya elmləri doktoru Mahirə xanım Hüseynova.
Müəllifi olduğu otuzdan çox elmi kitabı, dörd yüzdən çox elmi məqaləsi, on altı şeir kitabı, 10-dan çox dərslik və metodik vəsait, ali məktəblər üçün tərtib etdiyi seçmə fənn proqramları Mahirə xanımı müasir Azərbaycan dilçiliyinin görkəmli müətəxəssislərindən biri kimi tanıtdırıb. Görkəmli alimin çoxsaylı elmi tədqiqatlarda öz əksini tapmış elmi-nəzəri görüşləri Azərbaycan dilçilik elmində və türkologiya sahəsində tədqiqatlar aparan yüzlərlə araşdırmaçı üçün etibarlı istinad mənbəyidir.
Azərbaycan filologiya elminin inkişafına böyük töhfələr vermiş məhşur türkoloq alim, mərhum Həsən Mirzəyevlə ömrünün sonuna yaxın yaranmış şəxsi əlaqəm onun haqqında bütün yazılanları oxumağıma səbəb olmuşdu. Sonuncu telefon danışığımızdan sonra o müəllifi olduğu kitabların hər birindən bir nüsxə mənə göndərmiş və apardığım araşdırmalar üçün faydalı olacağını demişdi. Mahirə xanımı da ilk dəfə qiyabi olaraq Həsən müəllimlə bağlı yazılarından tanıdım. Görkəmli alim və ictimai xadim Həsən Mirzəyevin milli elmimizin və bütövlükdə ziyalı cəmiyyətimizin inkişafı yolunda göstərdiyi xidmətlər Mahirə xanım tərəfindən yazılmış “Alim təfəkkürünün itiliyi”, “Dərdi dərin Həsən Mirzə”, “Həsən Mirzəyev və Azərbaycan dilində feil”, “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı kitablarda geniş təhlil olunub. Bu yazıların hər sətrində təvazökar və fədakar bir müəllimə övlad məhəbbəti, onun elmi irsinə əsil ziyalı rəğbəti bütün səmimiyyəti ilə özünü göstərir. Elə Mahirə xanımın yazılarından anladım ki, hələ gənc yaşlarından etibarən onun tədqiqatçılıq bacarıqlarının cilalanmasında, peşəkar alim kimi yetişməsində Həsən müəllim müstəsna rol oynayıb. Təd-
qiqatlarının önəmli bir hissəsini də məhz Həsən müəllimin elmi irsinin araşdırılmasına həsr etməklə Mahirə xanım ustad qarşısında mənəvi borca sədaqətin ən nəcib örnəyini yaradıb.
Həsən Mirzəyev məktəbi Mahirə xanımın özünün geniş diapazonlu elmi və bədii yaradıcılığında da dərin iz buraxıb. Həsən müəllimə xas olan sadəlik, elmi fədakarlıq və təvazökarlıq özünü Mahirə xanımın ictimai mövqeyində, elmi tədqiqatlarında və bədii yaradıcılığında çox aydın şəkildə göstərir.
Hər bir alimin fəaliyyəti onun intellektual qabiliyyətləri və zəhmətkeşliyi ilə yanaşı, həm də öz peşəsinə və gördüyü işə məhəbbəti ilə tamamlandıqda daha məhsuldar olur və beləcə, gələcək nəsillər üçün uzun zaman istinad olunacaq dəyərli elmi əsərlər doğulur. Bu mənada, Mahirə xanımın yaradıcılığında intellektual düşüncə, ictimai fikir, istedad, zəhmətkeşlik və bütün bunlarla yanaşı öz peşəsinə məhəbbət və sədaqət bir-birini tamamlayır və bu keyfiyyətlər onun fədakar müəllim və yorulmaz tədqiqatçı alim obrazını yaradır.
Professor Mahirə Nağıqızının ədəbi-elmi yaradıcılığının böyük bir hissəsini Qərbi Azərbaycanla bağlı elmi-ictimai əhəmiyyət kəsb edən əsərlər təşkil edir. Təsadüfi deyil ki, Mahirə xanım həm də Qərbi Azərbaycan İcmasının fəal üzvü kimi səmərəli fəaliyyət göstərir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”nin açılması da məhz Mahirə xanımın fədakar əməyinin nəticəsidir. Professor Mahirə Hüseynovanın yenicə işıq üzü görmüş “XX əsrdə Dərələyəzdə urbisid və etnosid aktları” və 2023-cü ildə nəşr olunmuş “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili” monoqrafiyaları tariximiz üçün müstəsna dəyər kəsb edən tədqiqat əsərləridir. Bu əsərlərdə Qərbi Azərbaycan ərazisində mövcud olmuş yaşayış məntəqələrinin adlarının elmi-nəzəri əsasları, ayrı-ayrı coğrafi ərazilərdə yayılma arealları, leksik-semantik xüsusiyyətləri tarixi-etimoloji və linqvistik-etimoloji baxımdan təhlilə cəlb olunub. Bu təhlillərdə müqayisəli təhlil metodologiyasına üstünlük verən Mahirə xanımın yeri gəldikcə, hətta ən qədim elmi mənbəyimiz olan Mahmud Kaşğarinin “Divanü-lüğat-it türk”ünə müraciət edərək elmi dəlillərlə doğru qənaətlərə nail olması mükəmməl tədqiqatçılıq səriştəsi ilə yanaşı həm də onun milli düşüncəsindən və türk təəssübkeşliyindən xəbər verir.
Alimin “Ümumtürk dillərinin dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” monoqrafiyası Türk dövlətləri arasında vahid informasiya məkanının aktuallığını üzə çıxaran fundamental tədqiqat əsəri olmaqla yanaşı, həm də türk dillərinin dialekt və şivələrinin öyrənilməsinə böyük töhfədir. Bu əsər türk dillərinin tarixi inkişafını izləmək üçün son dərəcə faydalı və zəngin bir elmi mənbədir. Bu monoqrafiyada əsasən, türk, qaqauz, qazax, qırğız, qaraqalpaq, Altay, tatar, uyğur dillərinin ədəbi dillərə inteqrasiyasında əsas rol oynayan dialektlər müəyyənlənləşdirilir və bu yolla qədim türk protodilləri rekonstruksiya edilir. Dil tarixi sahəsində Mahmud Kaşğaridən başlamış çağdaş Azərbaycan dilçiliyinə qədər uzun bir dövrü əhatə edən araşdırmalarında qarşıya qoyduğu problemə təkcə elmi istiqamətdə deyil, həm də metodiki istiqamətdən yanaşması Mahirə xanımın peşəkar tədqiqatçılıq səriştəsi ilə yanaşı, həm də peşəkar müəllimliyindən xəbər verir.
Mahirə xanımı digər tədqiqatçılardan fərqləndirən unikal bir cəhət ondan ibarətdir ki, onun yaradıcılıq enerjisi və düşüncə diapazonu sadəcə elmi araşdırmalar müstəvisi ilə məhdudlaşmır. Milli təəssübkeşlik, vətən sevgisi, ata yurdu nisgili və zəngin bədii təxəyyülü onu bədii yaradıcılıq yoluna çıxarır. Onun bədii yaradıcılığı öz sadəliyi və səmimiyyəti ilə bərabər, eyni zamanda vətənə məhəbbət tərənnümünün əzəməti ilə seçilir. Milli-mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik, insansevərlik, ana Vətənin təbiətinə vurğunluq, Vətən oğullarının qəhrəmanlığına heyranlıq onun lirik yaradıcılığının ana xəttini təşkil edir. Mahirə xanımın poeziyasının və prozasının, eləcə də publisistikasının özəyində Ana – Vətən – torpaq – yurd sevgisi dayanır.
“Mənim anam” (2006), “Su at dalımca, Ana” (2006), “Ana sevgisindən doğan nəğmələr” (2008), “Yaşadacaq anam məni” (2009), “Ömrün çıraqdır sənin” (2010), “Analı dünyam” (2015), “Haqqa çağıran səs” (2015) kitablarında toplanan ədəbi nümunələri oxuduqca Ana – Vətən, Vətən – Ana məfhumlarının təhtəlşüurda bütövləşdiyini görürük:
“Orxonlardan üzü bəri yazın qalıb / Altaylardan Balkanlara izin qalıb” – deyən Mahirə xanımın “Dilimiz varlığımızdır”(2021), “Ruhuna beşiksə, tanı, Vətəndir” (2017), “Salam olsun” (2021) kitablarında toplanan şeirləri Vətəninə əsgər sədaqəti ilə bağlı olan ziyalı bir xanımın Ana dilimizə bəslədiyi sevginin bədii ifadəsidir.
Millətin taleyüklü məsələləri ilə bağlı Mahirə xanımın prinsipial vətəndaş mövqeyi bütün yazılarında, çıxışlarında və müsahibələrində özünü açıq-aydın göstərir. Müsahibələrinin birində Xocalı soyqırımı ilə bağlı düşüncələrini bölüşən Mahirə xanım deyir: “- Hə, bu, xəyalən min dəfələrlə olduğum, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının − özü elə böyük olmayan bir qəsəbənin dünya boyda dəhşət mənzərəsidir… O mənzərədə insanlığını itirən kəsin ən vəhşi heyvandan belə amansız olduğunu görmək olar… O mənzərənin vəhşəti insanın qəlbində Allahın özünə belə etiraz nidaları yaradır. … Söhbət ondan gedir ki, həmin gecə ancaq azərbaycanlı olduqlarına görə amansızlıqla öldürülən, içərisində körpələrin və qadınların da olduğu 613 nəfərin qanı laxtalanmayıb… Şəxsən mən hesab edirəm ki, o qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanındadır və Xocalı ədaləti bərqərar olmayınca, o qan laxtalanmayacaq”. Xocalı faciəsi kimi ağır bir dərdin doğurduğu acı hisslər Mahirə xanımın bədii təxəyyülündə qəmgin və hüznlü bir melodiya kimi belə səslənir:
Burdan yavaş gedin, astadan keçin,
Qəbirlər titrəyər, daş dinə bilər,
Bir güllə gücünə sükut olanlar,
Bir addım səsinə diksinə bilər.
Milli qürur hissimizi özümüzə qaytaran, tarixi ədaləti bərqərar edən, gücümüzü, bütövlüyümüzü və birliyimizi bütün dünyaya göstərən, ana torpağı azad etmək üçün tərəddüd etmədən öz canlarından keçən gənclərimizə həsr etdiyi şeirdə Mahirə xanım onların xalqımıza yaşatdığı yenilməzlik ruhunu və qürur hissini belə tərənnüm edir:
Yerə qan tökdülər, ruh göyərtdilər
Tarixi yazdılar Vətən daşında.
Minillik xalqlara dərs öyrətdilər
Bu ərən oğullar cavan yaşında.
“Şəhid nəğməsi” adlı şeirində isə müəllif şəhidlərimizin əmanət olunduğu Ana torpağı millətin ən müqəddəs məbədgahı, qutsal ünvanı kimi uca dəyərləndirir:
Şəhidlər! Şəhidlər! Öz canınızla,
Bizə yol açdınız, dövran verdiniz.
Millətə diz çöküb baş əymək üçün,
Şərəfli, müqəddəs ünvan verdiniz.
Elmi zəkası ilə yanaşı, özünün daxili aləmini – xalqla, vətənlə, torpaqla bağlı yaşanan ürək çırpıntılarını və səssiz düşüncələrini nəzm dilində yüksək məharətlə ifadə edən Mahirə Nağı qızı bütün cəhətləri ilə çağdaş dövrümüzdə yetişməkdə olan gənc nəsil üçün canlı örnəkdir. Onun bütün yaradıcılığı ədalətə inam və insanlığa sevgi ilə yoğrulub. Övladlarımız üçün belə bir örnəyin nümunəsini yaratdığına görə görkəmli alim, sevimli şair və fədakar müəllim şəxsiyyətlərini özündə birləşdirən hörmətli Mahirə xanımı doğum günü münasibətilə təbrik edirəm. Ona möhkəm cansağlığı, elmi, bədii yaradıcılıq təşəbbüslərində və pedaqoji fəaliyyətində davamlı uğurlar arzulayıram. Mahirə xanıma uzun illər arzuladığı Qarabağ zəfərinin sevincini yaşadığı kimi, on illərlə həsrətində olduğu Qərbi Azərbaycana – Dədə yurdu Dərələyəz mahalına dönməyin də sevincini yaşamağı arzu edirəm.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı, fəlsəfə doktoru