Vətən müharibəsinin şəhidləri yad edilib -FOTO

44 gün davam edən Vətən müharibəsinin ildönümündə şəhidlərin əziz xatirəsinin anım mərasimləri davam edir.Bu gün Yasamal və Abşeron rayonlarının ictimaiyyət nümayəndələri 2-ci Fəxri Xiyabanda şəhid İsa Məhərrəmovun və Elşən Müslümovun məzalarını ziyarət edib,gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar. Mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinə dərin hüznlə başsaglığı verdi və qeyd etdi ki, Azərbaycan dövləti hər zaman onlara maddi və mənəvi dəstək verəcək. Bildirildi ki, Ali Baş Komandan cənab İlham Əliyevin bu sahədə tapşırıq və göstərişləri yerlərdə davamlı şəkildə həyata keçirilir.

Öz növbəsində şəhid ailələri diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirdilər.

İsa Məhərrəmov 15 fevral 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 52 saylı məktəbdə almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 19-da şəhidlik zirvəsinə ucalmışdır.Subay idi.

Məhərrəmov İsa Məhərrəm oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  ölümündən sonra  “Vətən uğrunda” medalı və  “Füzulinin azad olunması uğrunda” medalı ilə təltif edilmişdir.Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Elşən Müslümov 2 sentyabr 1995-ci ildə Ağsu rayonunda anadan olmuşdur. O, orta təhsilini 286 saylı məktəbdə almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 13-də şəhidlik zirvəsinə ucalmışdır.Ailəli idi. Bir övladı var.

Müslümov Elşən Habil oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  ölümündən sonra “Vətən uğrunda” medalı və “Suqovuşanın azad olunması uğrunda” medalı ilə təltif edilmişdir.

Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.