
Azərbaycanda sosial problemlərin artması vətəndaş narazılığının sürətlənməsinə gətirib çıxarıb. Qəribədir ki, intiharların əsas səbəbləri içərisində sosial problemlərin mürəkkəb formada olması mühüm rol oynayır. Yəni, insanları bu addıma təhrik edən həyatındakı sosial problemlərin ağırlığı və dözülməzliyidir. Bütün bunlar isə vərtəndaşların aidiyyatı üzrə şikayət etdiyi dövlət idarələrindəki məmur süründürməçiliyi, şikayətlərin araşdırılmaması, biganəlik və etinasızlıqla qarşılaşmasının nəticəsidir.
Gununsesi.info-nun araşdırmasına görə, məmur süründürməçiliyindən, nəticəsiz və cavabsız qalan şikayətlərdən bezən vətəndaşların müraciət etdiyi sonuncu ünvan Prezident Adminstrasiyası və ya H.Əliyev adına Fonddur.
Mütəxəsislərin araşdırmalarına görə, sosial problemlərin artmasının əsas səbəblərindən biri də banklarla kredit problemi, işsizlik, məhkəmə-hüquq sistemdəki ədalətsizliklər, rüşvətxorluq və ailə-məişət problemləridir.
Sosioloq Əhməd Qəşəmoğlu Gununsesi.info-ya açıqlamasında bildirib ki, PA-ya və H.Əliyev Fonduna edilən şikayətlərin çoxalmasının əsas səbəbləri ümumən bunlardır; Banklarda baş verən proseslər. Əhalinin böyük bir hissəsi
banklardan kreditlər götürüb. Hüquq-mühafizə orqanlarında, eləcədə məhkəmələrdə haqsızlıqla üzləşmələrdir: “Əhali bankların əlində girinc qalıb. Ölkədə hər iki ailədən birinin banklara borcu var. Bu kreditlərin də böyük hissəsi dollarla verilmişdi. İndi belə kreditlər götürənlər böyük bir müsibətə düşüblər. Qiymətlərin müəyyən qədər qalxması və digər məsələlər, o cümlədən mənəviyyatla bağlı bir sıra məsələlər cəmiyyətdə gərginliyin müəyyən qədər artmasına səbəb olub. Məmurların bir çoxunda hələ də öz mənafeyini düşünmək marağı güçlüdür. Ruhdan duzən, ədalətsizliklə qarşılaşan vətəndaş isə ya sözügedən qurumların qapısında qalır, ya da intihar edirlər. Bu da gərginliyi artırır. Bir sıra məhkəmələr adına layiq fəaliyyət göstərmir. Bunlar da vətəndaşı dövlətdən narazı salır, ümumilikdə gərginliyi artırır. O biri tərəfdən isə Prezidentin öz çıxışlarındakı humanist ideyalar, vətəndaşlara səslənməsi, bir çox məmurların cəzalandırılması, əhalidə öz problemlərinin Prezident Administrasiyası tərəfindən həll ediləcəyinə ümidi artırır. Odur ki, vətəndaş nicatı yalnız prezidentə şikayət etməkdə görür”-, deyə o bildirib.
Sosioloq Şəhla Hüseynova isə hesab edir ki, ailə-məişət problemləri nəticəsində məhkəmə qarşıdurmaları, ər zorakılığına məruz qalma da PA-ya edilən şikayətlər arasında çoxluq təşkil edir: “İntiharla bağlı araşdırmalar göstərir ki, dünyada intiharla bağlı motivlərin 40%-ni sosial problemlər təşkil edir. Azərbaycanda çoxsaylı problemlərin ağırlığı onu deməyə imkan verir ki, bizdə intihar edən vətəndaşların böyük əksəriyyəti (bəlkə də 60-70 faizi) sosial problemlərlə bağlıdır. Məhz, insanların sosial-məişət qayğıları içərisində çaba göstərməsi, başqa sözlə desək, sosial problemlərin yaratdığı böhranı onu hər an intihara doğru sürükləyir.
Psixoloqların fikrincə, müasir psixoterapiya və tibbi psixologiya intiharın birbaşa qarşısını almaq üçün əllərində xüsusi həll mexanizmləri yoxdur. Düzdür, intihar fenomenini öyrənmək və onun diaqnozlarını müəyyənləşdirmək ilk növbədə psixoloqların və psixiatrların işidir. Lakin intihar hallarına səbəb olan motivləri (sosial, hüquqi, psixoloji) yaxşılaşdırmaqla, cəmiyyətdə sağlam atmosferə, yaxşı idarəetməyə və s. nail olmaqla bu halları dəfələrlə aşağı salmaq mümkündür. Bunun üçün cəmiyyət qarşısında hesabatlı hökumətə nail olmaqla intiharın motivlərinin müxtəlif aspektləri üzrə dərin və tərəfsiz təhlillərinin aparılması vacibdir. Eyni zamanada məmur məsuliyyətsizliyi də PA-ya edilən şikayətlərin əsas səbəblərindəndir”-, deyə o bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info