Vətəndaşımız büdcəsinə bələddirmi? - TƏHLİL

  • By admin
  • 16 May 2017 14:24

iqtisadcilar

Azərbaycan ictimaiyyətinin büdcə məlumatlarına əlçatanlığı necə təmin olunub? İqtisadiyyat yazarı, jurnalist Namiq Hüseynov deyir ki, büdcə məlumatlarına əlçatanlıq tam təmin olunmur. Onun sözlərinə görə, məlumatlar adətən ümumi xarakter daşıyır.

“Əlçatanlıq deyəndə daha çox Maliyyə Nazirliyinin saytında açıqlanan məlumatları qeyd edə bilərəm. Yaxşı olardı ki, büdcə daxilolmaları və xərcləmələri ilə bağlı  detallı açıqlamalar yerləşdirilsin. Azalma və artımların səbəbləri izah olunsun ki, mənzərə tam aydın olsun.

Büdcə məlumatlarını detallı əldə etmək çətindir. Şəxsi münasibətlər zəminində daha çox informasiyalar əldə edilir”,- deyə N.Hüseynov bildirir.

Qeyd edək ki, Açıq Hökumətin Təşviqinə dair Azərbaycan hökumətinin hazırladığı  2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının əsas öhdəliklərindən biri maliyyə şəffaflığının təmin edilməsidir. Bu öhdəliklər sırasında Hesablama Palatasının dövlət büdcəsi ilə bağlı illik hesabatlarının ictimaiyyətə açıqlanması, büdcə məlumatlarına əlçatanlığın təmin edilməsi məsələsi önə çəkilir.

Büdcə sahəsi üzrə ekspert, iqtisadçı Rövşən Ağayev hesab edir ki, parlamentə müzakirəyə çıxarılan büdcə zərfinin ictimaiyyətə əlçatanlığı aşağı səviyyədədir.

Onun sözlərinə görə, parlamentə müzakirəyə təqdim olunan büdcə zərfi məhdud sayda insan üçün açıqdır: “Onun elektron versiyası yoxdur. Yalnız kağız-çap versiyasında olur. Həmin kağız-çap versiyası isə yalnız əlaqədar dövlət qurumlarına və 125 deputata, parlamentin nəzdində fəaliyyəti göstərən komitələrə və şöbələrə verilir. Üst-üstə hesabladıqda büdcə zərfi təqribən 400-500 adama, bir də çox az sayda büdcə təhlili aparan bizim kimi ekspertlərə əl çatan olur. İctimaiyyət büdcə məlumatlarına yalnız vətəndaş cəmiyyəti vasitəsilə əldə edə bilir. Ona görə də büdcə məlumatlarına əlçatanlığı nisbətən qapalı hesab etmək olar”.

Yeri gəlmişkən, Milli Fəaliyyət Planında layihəsi ilə bağlı müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının iştirakının genişləndirilməsi əsas bəndlərdən biri hesab olunur.  Fəaliyyət Planının qəbul olunmasından artıq bir il yarımdan çox vaxt keçməsində baxmayaraq, bu istiqamətdə əsaslı bir islahat hiss olunmur.  Vətəndaş cəmiyyətinin nisbətən iştirakçılılığı büdcənin komitələr  səviyyəsində təmin edilir. Amma orada da hökumətə yaxın bəlli bir çevrə qatıla bilir.

Rövşən Ağayevin sözlərinə görə, açıq büdcə müzakirələri açıq cəmiyyətlərdə olur: “Yəni iştirakçı idarəetmənin təmin olunduğu ölkələrdə olur. Azərbaycanda çox qapalı bir idarəetmə sistemi mövcuddur və vətəndaş cəmiyyətinin büdcə müzakirələrində iştirakçılığı üçün imkanlar olduqca məhduddur. Ictimai maliyyə resurslarının xərclərinin müzakirələrində isə qapalılıq daha da artır”.

“15 ilə yaxındır ki, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi büdcə təhlilini aparır və bir sıra təkliflər irəli sürür. Hətta büdcə şəffaflığının artırılması istiqamətində irəli sürdüyümüz təkliflərdən Hesablama Palatası zaman-zaman istifadə edib, bunu onların rəylərində də görürük. Eyni zamanda “Büdcə sistemi haqqında” Qanunda şəffaflığın artırılması ilə bağlı dəyişikliklər olub və orada da bizim təkliflərdən istifadə edilib. Faktiki olaraq, təkliflərimizin faydalılığına əminik. Amma təəssüf ki, büdcə sahəsində ixtisaslaşmış təşkilat olaraq nə parlament, nə də Maliyyə Nazirliyi səviyyəsində müzakirələrinə dəvət olunmuşuq”- R.Ağayev qeyd edir.

İqtisadçı daim müzakirələrə hazır olduqlarını vurğulayır: “Zaman-zaman nəticəli büdcə sistemin tətbiqi ilə bağlı təbliğat aparırdıq, sənəd hazırlamışdıq. Indi baxırıq ki, Strateji Yol Xəritəsində hökumət nəticəli büdcə sisteminə keçidin vacibliyini önə çəkir. Halbuki bizim təşkilat onun fəlsəfəsini açıb ortaya qoymuşduq.  Biz yenə də ekspert kimi bu sistemə keçidlə bağlı faydamızı verə bilərik. Təəssüf ki, hökumət büdcə müzakirələrində vətəndaş cəmiyyətini yaxın buraxmaq istəmir”.

Büdcənin icrası ilə bağlı rüblük hesabatların internet səhifəsində yerləşdirilməsi də Milli Fəaliyyət Planının digər bəndlərindən biridir. Monitorinq aparanda burada durumun digər bəndlərə nisbətən ürəkaçan olduğunu deyə bilərik. Belə ki, Maliyyə Nazirliyi rüblük, Dövlət Statistika Komitəsi aylıq büdcə məlumatlarını açıqlayır. Hətta dövlət və icmal büdcəni özündə birləşdirən “Vətəndaşın Büdcə Bələdçisi” adlı hesabatını da saytına yerləşdirir. 2014-cü ildən təqdim edilən “Vətəndaşın Büdcə Bələdçisi” ekspertlər tərəfindən Maliyyə Nazirliyi tərəfindən atılan müsbət bir addım kimi dəyərləndirirlər.

Lakin iqtisadçı-ekspert  Rövşən Ağayev hesab edir ki, bunlar hesabatdan daha çox məlumat xarakteri daşıyır: “İnkişaf etmiş, sivil ölkələrin hamısında aylıq büdcə hesabatları açıqlanır. Bizim “Büdcə sistemi” haqqında qanunda aylıq, rüblük və illik hesabatların açıqlanması nəzərdə tutulur. Amma  Maliyyə Nazirliyi ancaq məlumat açıqlayır”.

Hesabatla məlumatın arasında fərq nədən ibarətdir?

R.Ağayevin sözlərinə görə, hesabat odur ki, hansı hədəflər planlaşdırılmışdı və nə baş verdi: “Yəni proqnoz necə idi və faktiki necə yerinə yetirilib. Əgər proqnoz və faktikinin arasında fərq yaranırsa, buna dair artıq hesabat verilməlidir. Məsələn, tutaq ki, bu ilin üç ayında gəlir vergisinin 1 milyon manat yığılması proqnozlaşdırılıb, amma 800 min manat icra edilib. 200 min manat kəsirini nə üçün yaranmasına dair hesabat verilməlidir. Eynilə xərc bölmələrinə də aiddir.

Maliyyə Nazirliyi isə yalnız quru məlumatlar verir. Ən yaxşı halda bildirir ki, tutaq ki, icra 105 və ya 98 faiz olub. Amma niyə proqnoza nisbətən icra 105 və ya 98 faiz olub, buna dair hər hansı bir detallı məlumat təqdim olunmur.

Bundan əlavə açıqlanan məlumatlar çox ümumi xarakter daşıyır. “Büdcə sistemi haqqında Qanun”a,  “Büdcə sistemi haqqında Qanun”nun icrası ilə bağlı Nazirlər Kabinetinin mövcud qərarına uyğun hesabatlar təqdim edilməlidir. Maliyyə Nazirliyin rüblük və yarımillik  məlumatlar açıqlasalar da, bu məlumatlar funksiyal bölmələri əhatə edir. Amma köməkçi bölmələr, maddələr üzrə açıqlamalar getmir.

Eyni zamanda, parlamentə təqdim edilən büdcə zərfi 1200 səhifəlikdir. Orda gəlirlər və xərclər bölmələr üzrə detallı şəkildə təqdim edilir. Amma 1200 səhifəlik proqnoz büdəcinin icrası ilə bağlı parlamentə 5-10 səhifəlik təqdimat verilir. Orada yalnız gəlir və xərclərin ümumi maddələri göstərilir. Buna hesabat demək olmaz. Hələ heç  parlamentin özünə belə detallı şəkildə gəlir və xərclərdə baş verən kənarlaşmalar haqqında məlumat verilmir. Xarici ölkələrin təcrübəsində buna performans hesabat deyilir. Performans hesabatların üstünlüyü odur ki, burada hökumət qarşıya qoyduğu hədəflərə necə çatdığını göstərir. Bizim büdcə hesabatlarımız yoxdur, olanlar isə hesabat standartlarına uyğun gəlmir”.

Araşdırmaçı jurnalist Hafiz Babalı da vurğulayır ki, dövlət büdcəsinin hazırlanması, tərtib olunması, təsdiqi və icrası gedişində iqtisadi və funksional bölgü üzrə detallı məlumatların cəmiyyətə təqdim olunmasında əhatəlilik kifayət qədər deyil: “Xüsusilə, dövlət büdcəsi təsdiq olunandan sonra onun xərclər hissəsində icrası ilə bağlı MN-in yaydığı məlumatlar kasaddır. Pozitiv yalnız MN-in hazırladığı “Vətəndaşın büdcə bələdçisi” və Dövlət büdcəsinin təqdimatıdır. Lakin burada informasiya yetərli deyil. Büdcənin icrası ilə bağlı Hesablama Palatasının rəylərində kifayət qədər irəliləyiş var. Amma, məsələn, Naxçıvan dövlət büdcəsinin icrası ilə bağlı təhlili məlumat ümumiyyətlə verilmir”.

Jurnalist hesab edir ki, media büdcə porsesində tam kənarda qalır: “Yəni o, yalnız ona verilən məhdud informasiya əsasında təhlil apara bilir. Mediada dövlət büdcəsinin istifadəsi ilə bağlı dərc olunan təhqiqat materialları parlamentdə və hüquq-mühafizə orqanlarında müzakirə olunmur, korrupsiya halları üzrə cinayət işi qaldırılmır. Ümumiyyətlə, media, vətəndaş cəmittəyinin digər qolları kimi, büdcə hazırlığı və müzakirələrindən tam kənarda saxlanılır”.

Digər iqtisadçı-ekspert Qubad İbadoğlu isə deyir ki, dövlət büdəcinin rüblük icrasına dair operativ məlumat Maliyyə Nazirliyinin saytında yerləşdirilir. Lakin illik hesabatlaraagəlincə, Nazirliyin saytında gecikdirilərək yerləşdirilir.

İqtisadçının fikrincə, burada iki məqam var: “Birincisi, Milli Fəaliyyət Planında rüblük hesabatın açıqlanması tələb olunsa da Maliyyə Nazirliyi hələ də rüblük bazada dövlət büdcəsinin ümumi vəziyyətini xarakterizə edən qısa icmalı dərc edir.  Dinamikaya baxanda bu icmalın informasiyaverimi ildən-ilə azalır. Son məlumatlarda büdcənin gəlir və xərclərinə dair daha da qısaldılmış və ümumiləşdirilmiş  məlumatlara rast gəlmək mümkündür.

İkinci məqam da ondan ibarətdir ki, büdcəsinin illik icrasına dair hesabat saytda gecikdirilərək yerləşdirilir. Məsələn, Nazirliyin saytında  yerləşdirilmiş ən son hesabat 2013-cü fiskal  ilini əhatə edir”.

Q.İbadoğlu büdcə prosesində vətəndaş cəmiyyətinin iştirakının demək olar ki, təmin olunmamasına toxundu: “Vətəndaş cəmiyyəti nə onun dizaynına,  nə parlament müzakirəsinə və nə də icrasının qiymətləndirilməsinə cəlb olunub.

Azərbaycanda büdcə prosesində ictimai iştirakçılıq səviyyəsinin dinamikası son illər neqativdir. Bu proses bağlı qapılar arxasında aparılır. Hətta Milli Büdcə Qrupu parlamentdə büdcə müzakirələrində iştirakla bağlı dəfələrlə parlamentin müvafiq komissiyasına rəsmi  müraciət etsə də, indiyədək həmin müraciətlər cavablandırılmayıb”.

Xatırladaq ki,  İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspert qrupu hər il büdcə layihələrinə dair öz araşdırma və təhlillərini təqdim edirlər. Təşkilatın  belə bir geniş Rəyi 2017-ci il üçün açıqlanıb. Milli Fəaliyyət Planının 2016-2018-ci illəri əhatə etdiyini nəzərə alsaq,  qarşıdakı ildə hökuməti hansı büdcə islahatları gözlədiyini bilmək maraqlı olardı. 2017-ci ilin Rəyində ekspert qrupu növbəti illərdə dövlət büdcəsinin proqnozlaşdırılması və dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində aşağıdakıları təklif edir:

Dövlət büdcəsinin gəlirlərində:

  • Dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft və qeyri-neft sektorlarının töhfəsinin daha dəqiq və əsaslandırılmış qiymətləndirilməsi aparılması;,  Özəl və dövlət sektoru üzrə büdcə daxilolamalarının proqnozu tədiyyə növləri üzrə açıqlanmalı;
  • Ölkənin hər bir rayon və şəhəri üzrə vergi proqnozlarının tədiyyə növləri üzrə açıqlanması təmin edilməli;
  • Növbəti ilin büdcə layihəsinin hazırlanması üçün Vergi Məcəlləsində cari ilin may ayından gec olmayaraq dəyişikliklər edilməsi və büdcə layihəsinin yalnız Vergi Məcəlləsində təsdiq edilmiş dəyişikliklər əsasında hazırlanması barədə qanunvericilikdə müvafiq dəyişikliklər aparılmalı;
  • Strateji və büdcə planlaşdırmasının əlaqələndirilməsini təmin edən hüquqi-normativ baza yaradılmalı, bütün hökumət qurumlarının illər üzrə bölünməklə 5 illik strateji inkişaf planları əsasında fəaliyyətinin təşkili mexanizminə keçilməli, habelə bütün büdcə sifarişlərinin hökumətin sosial-iqtisadi inkişaf proqramları ilə uzlaşdırılması təmin edilməli;
  • Büdcə layihəsinin peşəkar vətəndaş cəmiyyəti təsisatları və ayrı-ayrı sosial qrupların mənafeyini təmsil edən ictimai qurumlarla müzakirə əsasında qəbuluna təminat verən hüquqi mexanizmlərin formalaşdırılmalıd və sair.

Dövlət büdcəsi xərclərinin səmərəliliyinin və şəffaflığının artırılmasına gəlincə, aşağıdakılar təklif olunur:

  • Hökumət büdcənin borc yükünün artmasına imkan verməməlidir. Xüsusilə də təsərrüfathesablı dövlət şirkətlərində maliyyə intizamının yetərli səviyyədə olmaması səbəbindən bu şirkətlərin vaxtında ödəyə bilmədiyi borcların yükünün büdcə üzərinə keçirilməsi yolverilməzdir və maliyyə imkanlarının məhdudluğu şəraitində bu cür izafi xərclər büdcənin sosial yükünün artırılmasına mane olur. Ictimai xidmətlər göstərən dövlət şirkətlərinin, xüsusilə enerji, qaz və su paylaşdırıcı, mənzil-kommunal xidmət göstərən şirkətlərin konsessiya əsasında özəl sektorla birgə idarə edilməsi planın hazırlanmasına ehtiyac var. Hökumət büdcə hesabına borcların qaytarılması üçün xərclərin ÜDM-ə və büdcə xərclərinə nisbətinə limit qoymalı, ortamüddətli hədəf göstərici müəyyən etməlidir.
  • Sosial xərclərin, xüsusilə də təhsil, səhiyyə və sosial müdafiə xərcləri büdcənin əsas prioritet istiqamətlərinə çevrilməsi hədəflənməlidir.
  • Büdcə qanunvericiliyində köklü dəyişikliklər edilməli, dövlət büdcəsinin tərtibinə yeni yanaşma tətbiq edilməlidir. Bu islahat , proqram əsaslı büdcə tərtibatına və nəticəli büdcəyə keçidi nəzərdə tutur;
  • Xarici kreditlər hesabına həyata keçiriləcək layihələrlə bağlı büdcə zərfinə məlumatlar daxil edilməlidir.
  • Xərclərin şəffaflığını təmin etmək üçün bir sıra addımların atılması vacidbir. Bu addımlar kimi nəzərdə tutula bilər: ayrıca götürülmüş hər bir rayon və şəhər üzrə yerli xərclərin funksional, təşkilati və iqtisadi təsnifatının açıqlanması; ölkənin müxtəlif rayon və şəhərlərinə yönələn mərkəzləşdirilmiş xərclərin funksional istiqamətləri göstərilməklə ayrıca götürülmüş hər bir rayon və şəhər üzrə detallı açıqlanması; növbəti maliyyə ili üzrə xərclərin funksional və iqtisadi təsnifatında baş verən kəskin dəyişikliklərin səbəbləri ilə bağlı əsaslandırılmış və aydınlaşdırıcı izahatlar təqdim edilməsi; investisiya xərclərinin planlanan layihələr üzrə açıqlanması və həmin layihələrin növbəti ilin büdcə sənədi ilə birgə təsdiqlənməsi; tələbə hesabı maliyyələşmə fondunun universitetlər üzrə açıqlanması;
  • Büdcə informasiyalarının əlçatanlığını təmin etmək üçün hökumətin elektron formada bütün millət vəkillərinə təqdim etdiyi büdcə zərfi ilə ictimaiyyətin online tanış olmasına imkan yaradılmalıdır. Büdcə informasiyalarının açıqlığını təmin etmək üçün büdcə zərfilə bağlı bütün məlumatlar Maliyyə Nazirliyinin saytı vasitəsilə yayıla bilər.
  • Büdcə xərclərinin təsnifatının təkmilləşdirilməsinə və sadələşdirilməsinə ehtiyac var. Təsnifatların sadələşdirilməsi xərclərin şəffaflığının təmin edilməsi və izlənməsi baxımından mühümdür.

Vüsalə RÜSTƏMOVA

Məqalə Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində hazırlanıb.