Vətəndaşlar “ƏDV geri al” layihəsindən nə qədər vəsait əldə edib? – RƏSMİ

“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, 2020-ci ilin may ayından etibarən bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda 1 milyon 340 mindən çox istifadəçi qeydə alınıb.

“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin birinci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank üzrə ümumilikdə 147 milyon 111 min 792 çek üzrə 60 milyon 192 min 462 manat ƏDV məbləği geri qaytarılıb.

2021-ci ilin birinci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Belə ki, əgər yanvar ayında portalda qeydiyyatdan keçmiş 779 018 istehlakçı sistemə çek əlavə etmişdisə, mart ayında bu rəqəm 1 026 757 nəfərə çatıb. Bütövlükdə, 2021-ci ilin birinci rübü ərzində 67 milyon 101 min 388 kassa çeki üzrə 26 milyon 770 min 74 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb.

Gununsesi.info