Vətəndaşlardan xeyli sayda silah-sursat götürülüb

  • By admin
  • 09 Yanvar 2018 12:54

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bərdə Rayon Polis Şöbəsi əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Güloğlular kəndi ərazisində rayon sakini Taleh Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı oradan “TT” markalı tapança və üç ədəd patron aşkar edilərək götürülüb.

Yanvarın 8-də Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yuxarı Şilyan kənd sakini Sadəddin Qasımov saxlanılıb. Baxış zamanı onun üzərindən 120 qram marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə saxlanılan şəxsin yaşadığı evə baxış zamanı isə müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanıb.

Həmin gün Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakini Surxay Həsənovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Polis əməkdaşları tərəfindən mütəmadi aparılan profilaktiki tədbirlər nəticəsində xeyli sayda silah-sursat polis orqanlarına təhvil verilib.

Naxçıvan şəhər sakini Mayis Səfərov tapdığı bir ədəd “AK” markalı silahı, iki ov tüfəngini, bir ədəd “ES” markalı pnevmatik tir silahını və bir ədəd “Voltran” markalı qaz tapançasını könüllü olaraq Naxçıvan Muxtar Respublikası DİN-in Mühafizə Şöbəsinə təhvil verib.

Əməliyyat tədbirləri nəticəsində Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki məişət tullantıları yığılan ərazidən bir ədəd “AK-74” markalı silah, 52 ədəd patron və iki ədəd patron darağı tapılıb.

Silah-sursatlar aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info