Rusiyada keçirilən prezident seçkiləri zamanı əhalinin banklara olan bir neçə milyard dollarlıq kredit borcu silindi. Qeyd edək ki, buna bənzər addım Qazaxıstanda da atılıb.
Bu gün Azərbaycanda da vətəndaşın banklara olan kredit problemi böranlı vəziyyətə çatıb. Azərbaycanda vətəndaşların banklara olan kredit borcu iki milyard dollara çatmaqdadır. Vətəndaş kredit borcunu ödəmək qabliyyəti aşağı olduğundan bu böhran getdikcə dərinləşməkdədir. Əgər hakimiyyət bu böhranın həlli istiqamətində ciddi addımlar atmasa kredit böhranı dövlət üçün ağır yük olmaqla yanaşı ciddi fəsadlara yol aça bilər. Ona görə də vətəndaşların xüsusən də aztəminatlı ailələrin xarici valyuta ilə olan dollar borcunun ödənilməsinin şərtlərinin yüngüllüşdirilməsi və ya silinməsi istiqamətində deputatlar, ekspertlər, iqtisadçılar tərəfindən bir sıra təkliflər irəli sürülüb. Hətta bu kredit borclarının dövlət-bank-vətəndaş arasında üç hissəyə bölməklə ödənilməsi də təklif olunub. rusiyada olduğu kimi bu kredit borclarının dövlət tərəfindən silinməsi də təklif olunur.
Gununsesi.info bununla bağlı bir neçə deputatdan münasibət öyrənib.
Millət vəkili Fəzail Ağamalıya saytımıza açıqlamasında bildirib ki, Azərbaycanda vətəndaşların borclarının silinməsi bir ənənə halını alıb. “Hələ zamanında Heydər Əliyev, daha sonra isə İlham Əliyev vətəndaşların enerji borclarının silinməsi, həmçinin SSRİ dövründəki banklarda olan əmanətlərinin qaytarılması istiqamətidə addımlar atıb. Elə bu yaxınlarda sosila sığorta ilə bağlı atılan addımlar bu qəbildəndir. Azərbaycan prezidenti İlham Əliyevin humanist xarakterli siyasəti sistemli hal alıb və bu siyasət davam etdirilir”.
F.Ağamalı bildirib ki, kredit borcları ölkədə ciddi problem olaraq qalmaqdadır. “Hesab edirəm ki, bu məsələyə növbədənkənar prezident seçkilərindən sonra qaydılacaq və aydınlıq gətiriləcək. Hər zaman olduğu kimi bu dəfə də ölkə başçısı vətəndaşların digər problemlərinin həll etdiyi kimi, kredit probleminin həlli istiqamətində ciddi addımlar atacaq”– deyə, F. Ağamalı bildirib.
Deputat Fazil Mustafa Gununsesi.info-ya açıqlamasında bildirib ki, bu məsələ hökumət qarşısında dəfələrlə qaldırılsa da, nəticəsi olmayıb və hökumət bu istiqamətdə heç bir addım atmayıb: “. “Ona görə də kreditlərin bir qisminin silməsi o qədər də real görünmür. İki ildən artıq vaxt keçməsinə baxmayaraq vətəndaş müflisləşir və borclar da getdikcə artır. Lakin bu istiqamətdə hansısa ciddi addım atmaq istəyən yoxdur. Hökumət daha çox başqa borcları silsə də, sadə vətəndaşa bir az güvənsiz yanaşır və yumşaldıcı addımlar atmır. Vətəndaşın borclarının qaytarılması istiqamətində yumşaldıcı addımlar atılarsa və ya silinərsə təbbi ki, yaxşı olardı”.
Mürtəza
Gununsesi.info