Vətəndaşların tikinti obyektləri üzərində mülkiyyət və icarə hüquqlarının əldə olunması mexanizmi asanlaşır - AZAY QULİYEV

Bu gün Milli Məclisdə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna mühüm dəyişiklər birinci oxunuşda qəbul edilib.
Gununsesi.info-nun xəbərinə görə, iclasda çıxışda edən deputat Azay Quliyev dəyişik haqqında danışıb.

“Dəyişikliyə əsasən bələdiyyə ərazilərində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan ölkə vətəndaşları tikinti obyektinin istismara hazırlığı barədə müvafiq icra hakimiyyəti orqanından müsbət rəy aldığı təqdirdə, həmin obyektin yerləşdiyi torpaq sahəsi fiziki və hüquqi şəxslərin mülkiyyətinə satıla və ya icarəsinə verilə bilər.

Həmin şəxslər torpaq üzərindəki mülkiyyət və ya icarə hüquqlarını əldə etmək üçün açıq torpaq hərracları və ya müsabiqələrdə iştirak etmirlər.

Məlum olduğu kimi, hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları, müəyyən istisnalar olmaqla, yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitələri əldə edilə bilər.

Yeni təklif isə vətəndaşların tikinti obyektləri üzərində mülkiyyət və icarə hüquqlarının əldə olunması mexanizmini xeyli asanlaşdırır.

Bu da öz növbəsində uzun müddətdir həllini gözləyən və təkcə Bakı və ətraf ərazilərdə faktiki istismarda olan 500 mindən çox fərdi yaşayış evinə çıxarışın verilməsi kimi məsələnin həllinə hüquqi əsas yaradacaq.

Bu vacib qanunvericilik təşəbbüsü ilə çıxış etdiyinə görə cənab Prezidentə təşəkkür edirəm.

Eyni zamanda burada 2 məsələyə də aydınlıq gətirilməsini zəruri hesab edirəm.

Birinci məsələ, yeni layihədə vətəndaşların tikinti obyektləri üzərində mülkiyyət və icarə hüquqları əldə etməsi üçün ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olmaq tələbi qoyulur.

Onda sual olur, vətəndaş özünə ev tikib, daimi və ya fasilələrlə həmin evdə yaşayır, ancaq rəsmi qeydiyyatı başqa ünvandadır.

Bəs, o zaman, bu vətəndaşın həmin torpaq üzərində tikdiyi obyektə mülkiyyət hüququ necə təmin olunacaq?

Nəzərə alsaq ki, onsuzda mövcud qanunvericiliyə əsasən vətəndaş bələdiyyə torpağında 5 ildən artıq yaşayırsa, onun icarə müaqviləsinin rəsmiləşməsinə, yaxud özəlləşməsinə şərait yaradılmalıdır.

Digər tərəfdən vətəndaşın tikinti obyektinin istismara hazırlığı barədə müvafiq icra hakimiyyəti orqanından müsbət rəy də almalıdır. Başqa sözlə, mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün tikintinin müvafiq parametrləri ilə uyğunluğu da nəzərə alınacaq.

Ümumiyyətlə, yaxşı olardı ki, müvafiq dövlət qurumları məlumat versin, görək , ölkə üzrə faktiki istismarda olan, lakin vətəndaşların qeydiyyatda olmadığı yaşayış üçün nəzərdə tutulan tikinti obyektlərinin sayı nə qədərdi və bu cür tikililərlə bağlı hansı addımların atılması planlaşdırılır?

Bu sualın cavabı qanedici olmadığı təqdirdə, 5 il qeydiyyatda olmaq tələbinə yenidən baxılmasını və bu tələbin çıxarılmasını məqsədəuyğun hesab edirəm.

İkinci məsələ, çıxarış verilməsinə ehtiyac olan qeyri-yaşayış obyektləri ilə bağlıdır. Bildiyiniz ki, təxmini hesablamalara görə Bakıda 40 min qeyri-yaşayış obyekti digər təyinatlı torpaqlarda tikilib, həmin obyektlərə çıxarış verilmir. Bu problem də öz həllini tapmalıdır.

Lakin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna təklif olunan dəyişikdə yalnız yaşayış obyektlərindən söhbət gedir,
qeyri-yaşayış obyektləri ilə bağlı hər hansı bir təklif yoxdur. Baxmayaraq ki, bu obyektlər illərdir ki, fəaliyyət göstərir, ünvan olaraq vergilərdən qeydiyyatdan keçib, kassa aparatları quraşdırılıb, vergi ödəyirlər. Bu obyektlərə işıq, su,qaz xətləri də çəkilib.

Bütün bu göstəricilər varsa, o zaman onların rəsmiləşdirilməsi mexanizmi tapılmalı və müvafiq çıxarışla təmin edilməlidirlər.

Əgər, bu məsələlərə kompleks yanaşılarsa, o zaman yüz minlərlə vətəndaşın problemi həll olunar, bələdiyyələrə də əmlak vergisi ödənilər və onların fəaliyyətinin səmərəliliyi artar.

Onsuzda bələdiyyələrin maliyyə durumları arzu olunan səviyyədə deyil, fiziki şəxslərə məxsus avtomobilə görə ödənilən əmlak vergisi, bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamının yayımına görə ödəniş və yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi bələdiyyələrdən alınıbdır, əvəzində isə məhrum olduğu gəlirlərin kompensasiyası həyata keçirilməyibdir, baxmayaraq ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanununun 6.4-cü maddəsinə əsasən icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması baş verdikdə uyğun azalma məbləğləri bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya olunmalıdır.

 

Şəbnəm

Gununsesi.info