Vətənini qarşılıqsız sevən ADAM- PƏRVİZ HƏŞİMLİ MÜBARİZ MƏNSİMOVLA GÖRÜŞ TƏƏSSÜRATINDAN YAZIR

Vətənini qarşılıqsız sevən ADAM

Mübariz Mənsimov.

Bu ad eşidiləndə hər kəsin nəzərlərində dərhal Vətənini onun hüdudlarından uzaqlarda sevən bir Azərbaycan aşiqi canlanır. Elə bir aşiq ki, o sevdiyindən heç zaman qarşılıq gözləməyib. Hər fədakarlığını canı qədər sevdiyi Vətəni və onun övladları üçün edib.

Yüzlərlə xəstənin, tələbənin, şəhid ailəsinin, ölümlə çarpışan qazinin, sənətçinin çətin anında yanında olan bu Azərbaycan aşiqi son zamanlar kimlərinsə hədəfinə tuş gəlib.

Bəzi media orqanlarında onun haqqında yazılanlar sosial şəbəkələrdə on minlərlə insanın qınağına tuş gəlsə də bəzən düşünürdüm ki, bu “qara piar” onu ölkəsi ilə bağlı xəyal qırıqlığına uğradacaq.

Vətən  bir millətin üzərində yaşadığı coğrafiyadır. Baxmayaraq ki, o, bu coğrafiyadan illərdir uzaqlardadır, amma heç zaman Vətəni olan Azərbaycandan soyumadı.  Əksinə, Azərbaycan davasına görə ASALA-nın qara siyahısında ilk yerləri tutdu.

Baxmayaraq ki, siyasətdən uzaq biridir və biznes adamı kimi  başqa ölkəyə (Ermənistana) nifrət dünya çaplı iş adamının marağına da uyğun deyil.

Lütfüzadənin oğlu kimi “Azərbaycan mənim vətənim deyil” deyə bilər. Amma qarşılaşdığı maneələrə rəğmən nə Vətən sevgisində, nə də sədaqətli olduğu mövcud hakimiyyətə münasibətində qırğınlıq yaşamır.

Buna isə onunla səmimi ortamda keçən bir görüşümüzdə bir daha əmin oldum.

“Palmali Group”a daxil olanda ilk axtardığım telefonun internetə qoşulması üçün Wi-Fi şifrəsi oldu.

“Azerbeycan1” yazıb internetə qoşulanda onun necə bir Azərbaycan sevdalısı olduğuna bir daha əmin oldum.

Azərbaycana dəxli olmayan bir holdinqin binasında çalışan hər işçinin masasının üzərində Türkiyə  bayrağı ilə  Azərbaycan bayraqları yan-yana dayanır.

Çox danışdıq, ona qarşı kampaniyadan da narahat olmadığını açıq sezdim.

Müsahibə üçün isə həvəsli olmadı. Amma ““Mübariz müflis olub” başlıqlı yazıları yazanlar nədən bu qədər sevincli” sualını cavabsız buraxdım.

Dünya sularında üzən gəmilərinin hər birinin üzərində Azərbaycan şəhidlərinin, sənətçilərinin adı yazılır. Boğazda oturub çay içənlər “Mübariz İbrahimov“ tankerinin hərəkətini aydınlıqla sezir. Onu görmək bir azərbaycanlı üçün çox qürurvericidir.

Söhbətimizdə 2011-ci ildə Taksimdə “Xocalıya ədalət” mitinqini xatırlayırıq. Qeyd edim ki, ilk  dəfə onu məhz orada sadə mitinqçilərin arasında görmüşdüm.

Onun birbaşa təşkilatçılığı və köməyi ilə keçirilən bu izdihamlı mitinqdən sonra “Agos” qəzeti Mənsimovu “faşist” adlandırmışdı.

Özünün dediyinə görə, ermənilər onun qatıldığı tədbirlərə gəlmirlər.

Azərbaycan və azərbaycanlılar üçün etdiyi işlərdən isə danışmağa həvəsli deyil. Bunu reklam sayır. Olduqca təvazökar insandır. Barəsində yazılanlara rəğmən nə ölkə və onun vətəndaşları üçün etdiyi yaxşılarları gözə soxmur, nə də bu yazılanların onun içindəki Azərbaycan sevgisini çıxaracağını düşünür. Ona görə də Mübariz Mənsimov haqqında sifarişli yazılar dərc etdirənlər gözləməsin ki, bir gün o, nə Azərbaycan, nə də siyasi rəhbərlik əleyhinə danışacaq. Bu sevgini onun qəlbinə ona qarşı qərəzli olanlar salmayıb ki, onlar da çıxara bilsin!

Azərbaycanlı adını daşıyan dünyaca məşhur milyarderlər var. Elə “Lukoyl” un sahibi Vahid Ələkbərovu götürək. Bu adamı Azərbaycanlı edən təkcə adı və soyadıdır. Onun Azərbaycan və bu millət adına hansısa bir yaxşı əməlindən isə kimsə danışa bilməz. Rəhbəri olduğu “Lukoyl”da yüksək post tutanların əksəriyyəti isə ermənilərdir.

Amma “Palmali”də vitse-prezidentlərdən 6-sı azərbaycanlıdır.

Dünyaca məşhur olan bu iki şəxs arasındakı fərq də budur.

Vətəni sevmək üçün şəhid olmaqdan da başqa yol var. Vətəni sevmək onun üçün ölmədən öncə Vətən üçün min dəfə yaşamaqdır.

Vətən hansısa sözlərlə, şüarlarla sevilmir. Vətən sevgisi əməllərdə olur.

Mübariz Mənsimov da belələrindəndir.

Pərviz Həşimli

 

 

COMMENTS