Vəkilin “görmədiyi” işgəncə izini həbsxana rəisi necə görüb? - ANAR BAĞIROV DEYİR Kİ...

  • By admin
  • 23 Yanvar 2023 15:33

Şirvan Şəhər Polis Şöbəsində Elgün Quliyev adlı vətəndaşın saxlanılması zamanı baş verən bir olay regionlarda  vəkillərin sərbəst fəaliyyəti ilə bağlı durumu bir daha aktuallaşdırdı.

Xatırladaq ki, vəkil Ramil Rüstəmovun Şirvanda  həbs edilən müvəkkilinə işgəncə verilməsi, onunla görüşə buraxılmaması barədə mediada açıqlamaları yayılıb.

Bu açıqlamadan sonra DİN polisdə saxlanılan şəxsin dövlət tərəfindən yerli vəkillə təmin olunduğunu və hər hansı bir işgəncədən söhbət getmədiyini bəyan edib.

Vəkil Ramil Rüstəmov həmin vəkili  cəmiyyətdə şərti olaraq “poykovoy” adlandırılan vəkillərlə müqayisə edib.

Bu arada Şirvan Vəkillər Bürosu da açıqlama yayaraq  bildirib ki, vətəndaşa qarşı işgəncə faktı aşkarlanmayıb və büronun əməkdaşı belə halla rastlaşmayıb.

Ancaq Elgün Quliyevin köçürüldüyü 3 Saylı Şüvəlan İstintaq Təcridxanasında onun bədənində işgəncə izləri aşkar edilib.

Həbsxana rəisi vəkil Ramil Rüstəmovla görüşdə bu faktların sənədləşdirildiyini və aidiyyatı üzrə araşdırmaya verildiyini bildirib.

Bəs görəsən, paytaxtdan fərqli olaraq bölgələrdə vəkilləri müstəqil olmamağa, qanunsuzluqları  gizlətməyə nə sövq edir?

 

Özünün prinsipiallığı və peşəkarlığı ilə Gəncə bölgəsində tanınan vəkil Zabil Qəhrəmanov Gununsesi.info-ya açıqlamasında hər şeyin vəkilin özündən asılı olduğunu deyib: “Günah özlərindədir. Özünə, peşəsinə hörmət edən vəkil bu cür halları gizlətməməlidir. Dəfələrlə belə situasiyalarla üzləşmişəm. Hər dəfə də Vəkillər Kollegiyasının dəstəyini görmüşəm. Hesab edirəm ki, bəzi vəkillər özlərini o duruma salıb. Müstəntiqin yalanlarına şərik çıxmaq vəkil peşəsinə xəyanətdir”.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov da Gununsesi.info-ya açıqlamasında bildirir ki, güclü vəkillik institutu olmayan ölkədə ədalətdən söhbət gedə bilməz: “Bizim məqsədimiz buna nail olmaqdır. Hər bir vəkil özünün vəkil andına sadiq olmalıdır. Öz işinə şərəflə, vicdanla yanaşmayan vəkil cəzasını da almalıdır. Necə ki, biz bunu edirik”.

Kollegiya sədri deyir ki, vəkilin işi qanuni əsaslarla müdafiəni həyata keçirməkdən ibarət olmalıdır: “Hətta kommersiya təşkilatlarının vəkilləri bəzi hallarda həmin qurumların təsiri altına düşür. Bu belə olmamalıdır. Vəkilin işi keyfiyyətli hüquqi müdafiəni həyata keçirməkdən ibarət olmalıdır”.

Anar Bağırov bununla belə hesab edir ki, kollegiya üzvləri bir-birləri ilə narazılıqlarını mediada, sosial şəbəkələrdə ifadə etməməlidir: “Əgər kimdənsə narazılıq varsa , Kollegiyaya müraciət edilməlidir. Təcrübələrdə keyfiyyətsiz hüquqi yardım göstərənlərin cəzalandırılmasına nail olmuşuq. Gələcəkdə də bu belə olacaq”. 

 

Pərviz Həşimli

Gununsesi.info