Vətən Müharibəsi Qəhrəmanı Prezidentə söz verdi

  • By admin
  • 12 Aprel 2021 21:23

“Bu gün mən və döyüşçü yoldaşlarım həyatımızın ən xoşbəxt, qürurlu anlarını yaşayırıq. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi rəşadətli, qalib Azərbaycan Ordusunun əsgəri, zabiti olmaq həqiqətən də qürurvericidir. “Dəmir yumruq” əməliyyatı ilə başlayan Vətən müharibəsində biz qalib gəldik. Bu Qələbə dövlətimizin və ordumuzun qələbəsidir. Bu Qələbə xalqımızın birliyinin, vətənpərvərliyinin, həmrəyliyinin qələbəsidir. Bu Qələbə, cənab Prezident, şəxsən Sizin, Müzəffər Ali Baş Komandanımızın qələbəsidir”.

Gununsesi.info xəbər verir ki, bunu Vətən Müharibəsi Qəhrəmanı, mayor Gündüz Səfərli deyib.

Hərbi Qənimətlər Parkının açılışından sonra Prezident İlham Əliyevlə hərbçilərin görüşü zamanı çıxış edən zabitimiz, Aprel döyüşlərini də yada salıb:

“Yaxşı yadımdadır, Aprel döyüşlərindən sonra Lələtəpə döyüşçüləri ilə görüşdə bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyinə xəbərdarlıq etmişdiniz ki, Ermənistan silahlı qüvvələri Aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, Lələtəpə əməliyyatı təkrarlana bilər. Lakin Ermənistan riyakar, məkrli, hiyləgər niyyətindən, əməlindən yenə də əl çəkmədi. Odur ki, Azərbaycan işğal edilmiş tarixi torpaqlarımızın azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpa olunması üçün “Dəmir yumruq” əməliyyatı ilə Vətən müharibəsinə qalxdı.

Cənab Ali Baş Komandan biz döyüşlərə qələbə əzmi, böyük ruh yüksəkliyi ilə gedirdik. Yaxşı bilirdik ki, böyük Zəfər hər birimizin iradəsindən, şücaətindən, qəhrəmanlığından çox asılıdır. Bizi döyüşdən-döyüşə aparan Heydər Əliyev ənənələrinə sadiqliyimiz, Müzəffər Ali Baş Komandanın qətiyyəti, mübarizliyi, Vətənimizə olan böyük sevgimiz ümumxalq şüarına çevrilmiş “Qarabağ Azərbaycandır!” sözləri və arxamızda dağ kimi dayanmış qədirbilən xalqımızın birliyidir. Yaxşı bilirdik ki, döyüşlərdə şəhid olsaq, intiqamımız alınacaq, qanımız yerdə qalmayacaq, ailələrimiz dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacaq. Bu diqqət və qayğıya görə bir daha Sizə minnətdarıq, cənab Prezident.

Məni yüksək fəxri ada – “Vətən müharibəsi qəhrəmanı” adına layiq görmüsünüz. Bu, böyük etimad, eləcə də böyük məsuliyyətdir. Bir daha qarşınızda söz verib, and içirəm ki, indən sonra da ulu öndər Heydər Əliyevin ənənələrinə sadiq olacaq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətənimə, dövlətimə, xalqıma sədaqətlə xidmət edəcəyəm”.

 

Gununsesi.info