Vətən Müharibəsi Qəhrəmanı: "Dövlətimiz qayğısını bizdən əsirgəmir"

  • By admin
  • 25 Noyabr 2021 17:48

Vətən müharibəsində tarix yazan xüsusi təyinatlı hərbçilərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudovdur.

Dosye: Behbudov Cavid Ədalət oğlu 12.04.1994-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qızılca kəndində anadan olub. 2008-2011-ci illərdə Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2011-2015-ci illər ərzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kəşfiyyatçı ixtisası üzrə təhsilini davam etdirib. 2015-ci ilin iyun-dekabr ayları ərzində Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində xüsusi təyinatlıların qrup komandiri vəzifəsi üzrə təhsil alıb. 2016-cı ilin yanvar ayından 2019-cu ilə qədər Ağstafada N saylı hərbi hissədə xüsusi təyinatlıların qrup komandiri vəzifəsini icra edib. Daha sonra xüsusi təyinatlı korpusun qrup komandiri olaraq Azərbaycan Ordusunda xidmət edib. 44 günlük Vətən müharibəsi zamanı xüsusi təyinatlı qüvvələrin qrup komandiri olaraq döyüşlərdə iştirak edib. Oktyabrın 25-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi yaxınlığında yaralanıb.

Cavid Behbudov sentyabrın 27-dən oktyabrın 1-nə qədər Murovdağ istiqamətində döyüşlərdə iştirak edib. Daha sonra Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərə qatılıb. O, oktyabrın 25-də Xocavənddə Qırmızıbazar ərazisində yaralanıb. Qazimiz həmin anları bu cür xatırlayır: “Qırmızıbazar yazınlığında Şəhər kəndi istiqamətində olan yüksəkliyin ələ keçirilməsi üçün tapşırıq aldıq. Həmin zaman düşmən minomyotla bizi atəşə tutdu və biz hücum istiqamətimizi dəyişdik. Orada görünməmək üçün meşə taktikalarından istifadə edirdik. Həmin zaman şəxsi heyətin zədə almaması üçün onların hər birini çıxardım, özüm isə arxadan hərəkət edirdim. Həmin vaxt minomyot yanıma düşdü, hər iki ayağımdan zədə aldım, sağ ayağımı dizdən aşağı itirdim. Hazırda ayağıma protez qoyulub. Orda ilk olaraq özüm ilkin tibbi yardım göstərdim, daha sonra döyüş yoldaşlarım kömək etdilər. Qanaxma dayandı. Yüksəklik götürüləndən sonra təxliyə olundum”.

C.Behbudov bildirir ki, silahdaşları yanlarında şəhid olanda, və ya yaralananda qisas hissləri daha da artırmış: “Buna görə də biz düşmən kimi yaralımızı qoyub qaçmırdıq. Əksinə, onun qisasını almaq üçün düşmənin üzərinə atılırdıq. Bu səbəbdən də biz Vətən müharibəsində qələbə qazandıq. Müharibənin hər anı yaddaşımızdadır. Döyüş yoldaşlarımızın yanımızda şəhid olmasını heç zaman unutmarıq. Biz xüsusi təyinatlılar ən öndə gedirdik. Yaralımız və ya şəhidimiz olan kimi onların təxliyəsinə, bu mümkün olmadıqda isə, onların mühafizəsinə çalışırdıq. Amma bizə verilən döyüş tapşırığını yerinə yetirmək üçün verilən vaxt nəzərə alınırdı. Ona görə də zaman gələndə yaralımızı, şəhidimizi geriyə yox, irəliyə, təxliyəsi mümkün olan yerə qədər daşımışıq. Təxliyəsi mümkün olan kimi də təxliyə etdirmişik. Verilən bütün döyüş tapşırığı sona qədər uğurla yerinə yetirilib. Vətən Müharibəsi Qəhrəmanı adı biz müharibə iştirakçıları üçün nə qədər yüksəkdirsə, şəhidlik adı ondan da yüksəkdir. O ad hər kəsə qismət olmur”.

Qazimiz hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu bildirib: “Müalicəm Bakıda aparıldı. Respublika Əlillərin bərpa mərkəzində ayağıma protez qoyuldu. Dövlət başçımızın sərəncamına əsasən, Bakıda mənzillə təmin olundum. Hazırda ailəmlə əlaqədar Naxçıvanda yaşasam da, yaxınlarda yeni mənzilimə köçəcəm. Avtomobillə bağlı da sərəncam verilib, növbəyə yazılaraq, o məsələ də həll olunacaq. Dövlət tərəfindən bizə hər cür qayğı göstərilir. İcra başçımız da gəlir, maraqlanırlar. Özüm və ailəmlə bağlı hansı tibb müəssisəsinə müraciət ediriksə, çox yüksək səviyyədə xidmət göstərirlər. Şükürlər olsun ki, dövlətimiz qayğısını bizdən əsirgəmir. Tək mən yox, tanıdığım döyüşçü yoldaşlarımın hər biri dövlət qayğısı ilə əhatə olunub. Dövlətin diqqəti şəhid ailələrinin üzərindədir”.

Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudov torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” və “Xocabəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Gununsesi.info